Məhkəmə qərarları › İş №3(076)-1187/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1187/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1187/2023 28.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X5 qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 28 avqust 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 27 avqust 2023-cü il tarixdə saat 16-radələrində Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-1187/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-1186/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən eyni vaxtda törədildiyindən və eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-1187/2023 sayla birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir RPŞnin İTB-nin sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəmkir RPŞ-nə qanunsuz ağac kəsilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında Şəmkir şəhər sakini Şəxs 27 avqust 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsində dindirilməsi üçün Şəmkir RPŞ-nə dəvət edilmiş, lakin sonuncu Şəmkir RPŞ-nə getməkdən imtina edərək ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları Şəxs nizam-intizama dəvət edərkən, sonuncu onların qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birgə yaşayır. 2 övladı var. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində 2 nəfər şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını bildirərək onun polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, bu zaman əsəbiləşərək ucadan səs-küylə danışmışdır. Bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, əsəbi olduğu üçün onlara məhəl qoymamışdır. Bundan sonra polis əməkdaşları onu şöbəyə getmək üçün maşına dəvət etdikdə o, müqavimət göstərməyə başlamışdır. Lakin buna baxmayaraq polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Qeyd edir ki, əsəbi olmuşdur. Əməlindən peşmandır. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində İstintaqda olan cinayət işi ilə bağlı dindirilməsi üçün Şəmkir rayon Posanlı qəsəbəsində yaşayan Şəxs yaşadığı ünvana getdikdə yol kənarında həmin şəxsin dayandığını görmüş və özlərini ona təqdim edərək dindirilməsi üçün onlarla birlikdə Şəmkir rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman vətəndaş Şəxs ucadan səs-küylə ünvansız olaraq nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs nizam-intizama dəvət etsələrdə onlara məhəl qoymayaraq hərəkətlərini davam etdirərək müqavimət göstərmiş, lakin buna baxmayaraq sonuncunu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin KCMQ baş əməliyyat müvəkkili X4 şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 avqust 2023-cü il tarixdə saat 16:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində İXM-in 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında protokol tərtib olunsa da məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, maddənin sanksiyasında da göstərildiyi kimi xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərin edilməsində ifadə olunur. Protokoldan və şahid ifadələrindən belə məlum olur ki, Şəxs polis əməkdaşları yaxınlaşdıqdan sonra onlar arasında mübahisə olmuşdur. Yəni Şəxs əvvəlcədən ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər etməmişdir. Yalnız polis işçiləri onu şöbəyə dəvət edərkən onların tələblərinə tabe olmamışdır. Bu zaman ətrafda hər hansı kənar şəxs olmadığından Şəxs hərəkətləri ictimai qaydanın pozulmasına yönələn hərəkətlər kimi qiymətləndirilməməlidir. Bu hərəkətlər İXM-in 535.1-ci maddəsi ilə əhatə olunduğundan və ictimai qaydanı pozacaq həddə çatmadığından əlavə olaraq İXMin 510-cu maddəsi ilə tövsif oluna bilməz. Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol və şahid ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq ediliməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 avqust 2023-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərarın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar