Məhkəmə qərarları › İş №3(076)-1196/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1196/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1196/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir rayon polis X11 Xidməti İnspektoru Polis kiçik serjantı X2 və şikayətçi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu Polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 22:34 radələrində Şəmkir rayon polis X11 Xidməti İnspektoru Polis kiçik serjantı X5 tərəfindən Şəmkir şəhəri H.Aslanov küçəsi ərazisində sahibliyində və istifadəsində olan VOLSVAGEN PASSAT minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarını istifadə qaydalarını pozmağını yəni, şəhər daxilində uzaq vuran işıqdan istifadə etməklə idarə etməsi bəhanə edilərək saxlanılmışdır. Həmçinin saxlanan zaman ondan içki qəbul edibetməməyini soruşulduqda həmin gün günorta radələrində 2 bakal pivə içməyini bildirmişdir və polis əməkdaşları avtomaşınının cərimə meydançasına aparılmalı olmasını bildirərək avtomaşınını cərimə meydançasına salmışlar. Yəni, saxlanılmağı ilə maşınını cərimə meydançasına salınması cəmisi 15 dəqiqə çəkmiş və onun deməsinə görə protokol tərtib olunmuş, günorta 2 bakal pivə içmişdir sözü əsasında onun həqiqətən spirli içki qəbul edibetməməyi, əgər saxlanılan zaman spirtli içki qəbul etməyi müəyyən edildiyi halda spirtli içki qəbul etməyi nəticəsində hansı dərəcəli sərxoşluğunun müəyyən edilməsi kimi qaydalara polis əməkdaşları tərəfindən riayət edilməmişdir. Yəni, adətən polis əməkdaşlarının özlərində alkotesterlə yoxlanmamış, nə də qanunvericiliyin tələbinə əsasən həkim norkoloq tərəfindən sərxoşluğunun dərəcəsi müəyyən edilməmişdir. Həmçinin, avtomaşını cərimə meydançasına salınarkən, onun iştirakı ilə heç bir akt tərtib edilməmişdir. Saxlandığı günün səhərisi, yəni xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta protokolu iştirak olmadan, həmin protokolda qeyd etmək hüququndan istifadə etməyinə imkan verilmədən tərtib edilərək sonradan ona təqdim edilmiş, ancaq həmin protokol əsasında məhkəməyə şikayət verilməsinin mümkün olmamasına görə cərimə edilməyi barəsində inzibati qərarı tələb etmiş, ancaq həmin qərar ona xx.xx.2024-cü il tarixdə tərtib edilərək təqdim edildiyinə görə həmin qərardan xx.xx.2024-cü il tarixdə şikayətini tərtib etdirmişdir. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir rayon polis X11 Xidməti İnspektoru Polis kiçik serjantı X5 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman, X8 markalı 77AT157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıq cihazlarında istifadə qaydalarını pozduğuna görə saxlanılmış, sürücünün sərxoşluğu xüsusi texniki vasitə ilə yoxlanılan zaman sərxoşluq dərəcəsi 0.778 promilli müəyyən edilmişdir. Nəqliyyat vasitəsini idarə edən X6 pivə içməsini bildirərək sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 329.3 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, X3 0.778 promilli sərxoşluq vəziyyəti vardır. Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X6 şikayətində göstərmişdir ki, o, həmin gün heç bir spirtli içki qəbul etməmiş, hətta onun spirtli içki içməsi alkotestr vasitəsi ilə yoxlanılmamışdır. Lakin məhkəmə iclasında DVD diskdə olan yazıya baxan zaman şəxsin alkotestrin nəticəsi ilə razılaşması və sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirdiyi müəyyən olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X12 spirtli içki içməsini bildirmiş, xüsusi texniki vasitə ilə yoxlanılmış, 0,3 promillidən artıq, yəni 0.778 promilli olmuş, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmış və tibbi müayinəyə aparılmasına ehtiyac olmadığını bildirmişdir. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar