Məhkəmə qərarları › İş №3(076)-121/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-121/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-121/2023 23.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 23 yanvar 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-852/2010, 3(076)-334/2020, 2(076)-1530/2021 və 2(076)-3163/2022 saylı icra vərəqələri üzrə borcu yerinə yetirməmişdir, hazırda qeyd olunan icra sənədləri üzrə 25900 ABŞ dolları və 5200.48 manat təşkil edir. 2(076)-852/2010 nömrəli icra sənədi xx.xx.2011-ci il tarixdə, 3(076)-334/2020 nömrəli icra sənədi xx.xx.2020-ci il tarixdə, 2(076)-1530/2021 nömrəli icra sənədi xx.xx.2021-ci il tarixdə və 2(076)-3163/2022 nömrəli icra sənədi xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs qızma tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcunun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədi üzrə cəmi 25900 ABŞ dolları və 5200.48 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən ödəniş etməsi barədə İcra Şöbəsinə heç bir sənəd təqdim etməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Belə ki, bir neçə dəfə əməliyyat olunub, səhhətində problemlər var. 45900 ABŞ dolları borcdan tələbkar X3 20 000 ABŞ dolları ödəmiş, 25900 ABŞ dollar borcu qalmışdır. 25900 ABŞ dollarından da hissə-hissə 190 manat ödəniş etmişdir. Bundan başqa digər icra sənədləri üzrə də ödənişləri səhhəti ilə bağlı icra edə bilməmişdir. Hazırda 3(076)-334/2020 nömrəli icra sənədi üzrə 500 manatı bu həftə ərzində, eyni zamanda 25900 ABŞ dolları borcdan 10 gün ərzində 1000 manat ödəməyi, daha sonrakı tarixlərdə isə qalan borcu hissə hissə ödəmək niyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə Şəxs müəyyən edilmiş borcdan cəmi 20 000 ABŞ dolları ödəmiş, 25900 ABŞ dollar borcu qalmışdır. Daha sonra hissə hissə qalan məbləğdən cəmi 190 manat ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(076)-852/2010 saylı icra sənədindən görünür ki, Şəxs 45 900 (qırx beş min doqquz yüz) ABŞ dolları məbləğində pul icra olunduğu vaxt manatla məzənnəsi ilə alınıb X3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 3(076)-334/2020 nömrəli 22 may 2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-1530/2021 nömrəli 08 may 2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 2454 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2474 (iki min dörd yüz yetmiş dörd) manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3163/2022 saylı icra sənədindən görünür ki, Şəxs 1896.29 manat məbləğində əsas borc, 287.94 manat faiz borcu olmaqla, cəmi 2184.23 (iki min bir yüz səksən dörd manat 23 qəpik) manat borc pul və məhkəmə xərci qismində 42.25 manat dövlət rüsumu alınıb "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-852/2010, 3(076)-334/2020, 2(076)-1530/2021 və 2(076)-3163/2022 saylı icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Halhazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar