Məhkəmə qərarları › İş №3(076)-1212/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1212/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1212/2025 24.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Katib: Rzazadə Leyla Elçin qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X3, Tələbkar: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şəmkir rayonunda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 saylı icra sənədi üzrə yaranmış borcu ödəməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati tənbeh almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən eyni icra sənədinə münasibətdə təkrar olaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 saylı icra sənədinə əsasən Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 manat məbləğində pul cavabdeh Şəxs alınıb iddiaçı X4 verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilərək Cavabdeh Şəxs 50 manat mediasiya xərci və 179 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi, iddia qalan hissədə təmin edilməsin və iddiaçı X1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Borcunu ödəmədiyi üçün ona, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmiş və qərar qanuni qüvvəyə minmiş, lakin borclu məhkəmənin eyni icra sənədi üzrə tələbləri yerinə yetirməkdən təkrar boyun qaçırmışdır. Bununla belə borclu icra şöbəsinə gəlməkdən də boyun qaçırmış və barəsində axtarış elan olunmuşdur. Hazırda Şəxs borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət etmir. Ona görə də, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 saylı icra sənədinə əsasən Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 manat məbləğində pul ondan alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir, özü heç bir yerdə işləmir, ona görə də hazırkı vaxtda borcundan ödəniş edə bilməmişdir. ayda 120 manat aliment ödəyir, imkanı yoxdur. Bundan başqa, ona Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmiş və qərar qanuni qüvvəyə minmiş, lakin borcundan heç bir ödəniş etməmişdir. Hər ay mümkün qədər ödəməyə çalışır, icra sənədinin tələblərini yerinə yetirməmək fikri yoxdur. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərdi ki, hal-hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Borclu icra sənədi üzrə ödəniş etmir, azyaşlı uşaqların saxlanılması xərcləri çoxdur, o, təkbaşına bunları qarşılaya bilmir. Odur ki borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 451/2023 saylı icra sənədinə əsasən Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 ( iyirmi səkkiz min yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul cavabdeh Şəxs alınıb iddiaçı X4 verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilərək Cavabdeh Şəxs 50 (əlli) manat mediasiya xərci və 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi, iddia qalan hissədə təmin edilməsin və iddiaçı X1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2025-ci il tarixli, 2(076)-451/2023 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 451/2023 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 500 ( beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəyə bilməməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsiə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 24 oktyabr 2025-ci il tarixdən saat 16:10-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar