Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1213/2024 25.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 328.4– cü maddələri əsasında qəbul edilmiş EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli və EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Fiziki şəxs X3 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23169331 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin X3 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23978404 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 DİN BDYPİ-nin vəzifəli şəxsinin EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli və EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ona məxsus “X5 Rover Minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanı ilə hərəkətdə olarkən əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə (yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) inzibati məsuliyyətə cəlb edilərək, EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli qərarla 50 manat məbləğində inzibati cərimə edilmişdir. Halbuki, o 23 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanı ilə hərəkətdə olarkən təyin olunmuş sürət həddini aşmamışdır. Ona görə də o 26 avqust 2024-cü il tarixdə ona yazılmış əsassız cərimənin silinməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə elektron müraciət göndərmişdir. Lakin, müraciətinə cavab verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə yenidən müraciətinin araşdırılması üçün yenidən Baş Dövlət Yol Polisi İdarəsinə elektron müraciət ünvanlamışdır. Təkrar müraciətinə baxmayaraq, ona heç bir cavab verilmədiyindən 05 oktyabr 2024-cü il tarixdə yenidən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlamışdır. Lakin, onun müraciətinə baxılmamışdır. O əsassız olaraq, heç bir sürət həddini aşmadığı halda Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli qərarla 50 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan başqa o “X5 Rover Minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 oktyabr 2024-cü il tarixdə Qazax-Gürcüstan yolunun 336-cı kilometrliyində hərəkətdə olarkən o guya sürət həddini aşmağına görə Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə (yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddində aşmağa görə) inzibati məsuliyyətə cəlb edilərək, EQ 23978404 saylı, xx.xx.2024-cü il tarixli qərarla 300 manat məbləğində inzibati cərimə edilmişdir. Halbuki, o avtomobilini yaşayış mətəqələrində qeyd olunan sürət həddi ilə idarə etmişdir. Bütün yaşayış məntəqələrində də stasionar radar mövcuddur. Qaranlıq şəraitdə çəkilmiş şəkillərdə avtomobilin heç bir görüntüsü yoxdur. O, qeyd olunan halların araşdırılması üçün 05 oktyabr 2024-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ünvanlamışdır, lakin şikayətə cavab verilmədiyi üçün 08 noyabr 2024-cü il tarixdə yenidən EQ 23978404 saylı, xx.xx.2024-cü il tarixli qərarın araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. Lakin, hər iki qərar üzrə müraciətinə cavab verilməmişdir. Onun barəsində tətbiq edilmiş əsassız və qanunsuz cərimələrin üzərinə isə dəbbə pulu hesablanır. Odur ki, DİN BDYPİ vəzifəli şəxsinin EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli və EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş DYPB–nə və barəsində qərar çıxarılmış fiziki şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, DİN BDYPİ gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 məhkəməyə ərizə ünvanlayaraq şikayət ərizəsinə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini, həmçinin DİN BDYPİ vəzifəli şəxsinin EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə razılaşdığı üçün həmin qərardan vermiş olduğu şikayətə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə işə DİN BDYPİ nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, DİN BDYPİ-nin vəzifəli şəxsinin EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. İşdə olan EQ 23169331 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–356–cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: https://e-qanun.az/framework/46960 -122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); -122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsaəsn inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: -125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; -125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; -125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsaəsn Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, X3 ona məxsus “X5 Rover Minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 19:08 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 336 km. hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X3 DİN BDYPİ-nin elektron qərarları ilə razılaşmadığı üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət ünvanlamış, lakin şikayətə cavab verilmədiyi üçün qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı inzibati xətanın tam, hərtərəfli və obyektiv araşdırılması üçün dəfələrlə DİN BDYPİ-yə sorğu verilərək videogörüntülərin məhkəməyə təqdim olunması tələb olunmuş, lakin xx.xx.2024-cü il tarixli, EQ 23169331 saylı və xx.xx.2024-cü il tarixli EQ 23978404 saylı qərarların qəbul edilməsi ilə bağlı materiallar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23978404 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1–ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Göründüyü kimi qanunvericilikdə sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4–cü maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4–cü maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23978404 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1213/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1213/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver