Məhkəmə qərarları › İş №3(076)-1218/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1218/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1218/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, ərizəçi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1425985 saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1425985 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli, MN №1425985 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən barəsində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Qərar xx.xx.2023-cü il tarixli, Ç-BM/4/23-332 nömrəli məktubla yaşadığı ünvana göndərilmişdir. Məktubu xx.xx.2023-cü il tarixində qəbul etmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, o Şəmkir Kommunal Müəssisələri Kombinatında əmək müqaviləsi əsasında məşğulluq təsnifatı üzrə xidmətçidir. Şəmkir şəhəri, bazar ərazisində məişət tullantılarının yığılmasında xidmətçi kimi çalışır. Təxminən 2023-cü ilin avqust ayının əvvələrində Şəmkir Rayonu Polis Şöbəsinin əməkdaşları Şəmkir şəhər ərazisindəki bazarın yaxınlığında yerləşən məişət tulantıları üçün nəzərdə tutulmuş zibil qutularının yaxınlığına atılmış kağız, karobka tullantılarına görə ona protokol tərtib etmişlərdir. O polis əməkdaşlarına bildirmişdir ki, həmin tullantılar gün ərzində müəyyən edilmiş qrafik əsasında növbəli şəkildə toplanılır. Tullantıları toplamaq üçün avtomobil çatışmazlığı olduğundan onları sıx qrafiklə toplamaq mümkün olmur. Kağız və karobka tipli tullantılar təkrar emal üçün xüsusi avtomobil vasitəsilə toplanılır, onları digər tullantılar üçün nəzərdə tutulmuş avtomobil vasitəsilə toplamaq mümkün deyildir. Həmin tullantılar gün ərzində bir mənalı olaraq toplanılır. Ərazi bazar ərazisi olduğundan həmin qablara tullantılar normadan artıq atılır və həmin tullantıların atılan kimi toplanılması qeyri-mümkündür. O həmin ərazidə adi bir xidmətçidir, bunun üçün ona cərimə tətbiq edilməsini düzgün hesab etmir. Qeyd etdiyi kimi o şəhər ərazisində hər gün müəyyən edilmiş qrafik əsasında tullantıların yığılmasında xidmətçi kimi çalışır. Qeyd edir ki, həmin əraziyə sənaye və məişət tullantısı atan Şəmkir Kommunal Müəssisələri Kombinatının xidmətçisi deyil başqa şəxslərdir və həmin ərazidən tullantılar hər gün müəyyən edilmiş qrafik əsasında yığılır. Gün ərzində tullantıların yığılması üçün müəyyən edilmiş vaxta qədər həmin əraziyə kimlərinsə normadan artıq tullantı atması onun günahı deyildir. Həmçinin həmin ərazidə tullantıların yandırılması prosesi heç vaxt baş verməmişdir. Lakin qeyd edilənlərə baxmayaraq AR İXM-in 271-ci maddəsinə əsasən ona cərimə tətbiq edilib. Halbuki bu qeyri-mümkündür. Çünki o əraziyə tullantını atan şəxs deyil yığan şəxsdir. Qeyd etdiyi kimi həmin ərazidə tullantıların yığılması hər gün müəyyən edilmiş qrafik əsasında həyata keçirilir. Həmin müddət ərzində normadan artıq atılmış tullantılar qalaqlanma hesab edilməməlidir. Ərazidə tullantıların yandırılması prosesi heç vaxt həyata keçirilməmişdir. Bundan başqa hesab edir ki, protokol və qərar çixarilarkən İnzibati Xətalar Məcəlləsinin prosessual tələbləri də pozulmuşdur. Məhkəmə iclasında ərizəçi X7 ərizənin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, kommunal müəssisələrdə xidmətçi işləyir. O, hər gün müəyyən edilmiş qrafik əsasında iş saatında ona təhkim edilmiş ərazilərdə olan zibilləri yığır. O, heç bir küçədə zibil qalaqlamamış və zibil atmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona məlumat verilməmiş, izahatı alınmamış, onun xəbəri olmadan barəsində xx.xx.2023cü il tarixli, MN1425985 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, məhkəmədən şikayətinin təmin edilməsini, xx.xx.2023-cü il tarixli, MN1425985 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, təmsil etdiyi idarəyə Şəmkir Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında X7 barəsində xx.xx.2023-cü il tarixli, MN1425985 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərəflərindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən vətəndaş X7 idarəyə dəvət edilməmiş, izahatı alınmamış və tərəflərindən müstəqil olaraq araşdırma aparılmamışdır. Onlar yalnız polisin məlumatını əsas götürmüşlər və qərar qəbul etmişlər. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, şikayət ərizəsini, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan arayışdan və portal çıxarışından görünür ki, X1 rayon Kommunal Müəssisələri Kombinatında işləyir və aylıq 374 manat əmək haqqı alır. İşdə olan portal çıxarışından görünür ki, X7 557.1825 manat pensiya alır. İşdə olan xx.xx.2023-cü il tarixli MN1425985 saylı qərardan görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsində tullantılar qalaqlayaraq ətraf mühitini çirkləndirmişdir. Bununla da İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətmişdir. X7 500 manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun barəsində xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək 500 manat cərimə edilmiş və 3 ay müddətində həmin cərimənin ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1425985 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar onun qəbul etmiş orqan tərəfindən araşdırma aparılmadan və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə (orqana) göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən araşdırılma aparmadan qərar çıxarıldığından X7 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1425985 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməllidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1425985 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İş araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar