Məhkəmə qərarları › İş №3(076)-1229/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1229/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1229/2025 28.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi «Zəyəm Texnologiyalar Parkı” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4– cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə «Zəyəm Texnologiyalar Parkı” ASC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 430.4–cü maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, EP ******* saylı protokola görə «Zəyəm Texnologiyalar Parkı” ASC 110810.61 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 11 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbayca respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” nn 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı ündən 2 (iki) il müddətində 110810.61 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və yahəmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 12 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bu hərəkətləri ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “ X1” ASC xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində 110810.61 ABŞ dolları məbləğində vəsaiti Türkiyə Respublikasının “ TURKİYE GARANTİ BANKASİ A.S.” bankına köçürmüş, lakin həmin vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməli, işin hallarını hərtərəfli tam və obyektiv araşdırmalıdır. Habelə, apellyasiya instansiyaları məhkəmələri birinci instansiya məhkəməsinin faktları nöqteyi- nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarını yalnız formal mülahizələrə görə ləğv etməkdən çəkinməlidirlər. İş materiallarında olan Türkiyə Respublikası İstanbul Baş Prokurorluğuna Zəyəm Texnologiyalar Parkının müraciətindən görünür ki,X4 və Dış Ticarət Limited şirkətinin onlara məxsus 110.619.36 ABŞ dolları vəsaitin alınması və onlara geri qaytarılmaması barədə müraciət edilmişdir. İş materiallarında olan İcra Türkiyə Respublikası İstanbul İcra İdarəsinin 23/44123 saylı icra sənədindən görünür ki, X4 və Dış Ticarət Limited şirkəti barəsində Zəyəm Texnologiyalar Parkına olan 110.619.36 ABŞ dolları borcuna münasibətdə icra işi mövcuddur. Qeyd olunan sənədlərin tədqiqi zamanı müəyyən edilir ki, Zəyəm Texnologiyalar Parkı tərəfindən təqsirli olaraq hər hansı inzibati xəta hadisəsi törədilməmişdir bunun əksinə olaraq X4 və Dış Ticarət Limited şirkəti tərəfindən onlara məxsus pul vəsaitinin geri qaytarılması barədə Türkiyə Respublikasında aidiyyatı dövlət orqanlarına müraciət olunmuş və nəticədə X4 və Dış Ticarət Limited şirkəti barəsində icra icraatına başlanılmışdır. Konstiusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə isə yuxarıda qeyd olunan hallar « Zəyəm Texnologiyalar Parkı” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini istisna edir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş « Zəyəm Texnologiyalar Parkı” ASC-nin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: «Zəyəm Texnologiyalar Parkı” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar