Məhkəmə qərarları › İş №3(076)-1241/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1241/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1241/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Tacikistan Respublikası, Kurqantəpə anadan olmuş, Tacikistan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 06 oktyabr 2024-cü il tarixdə, günorta radələrində Şəmkir rayonu, ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində, Zərərçəkmiş şəxs vurmaqla, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək onu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin, izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir rayonu, Z.Hacıyev küçəsi, ev 33-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Şəmkir RPŞ-yə müraciət edərək qohumu Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun gəlini Məleykənin bacısıdır. Əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır, münasbətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə xadimə vəzifəsində işlədiyi “Azpetrol” yanacaq doldurma məntəqəsində olan zaman, Şəxs və onun bacıları yanına gələrək nəvəsinin şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs olmasını bildirmişlər, Zərərçəkmiş şəxs vəsiqənin onda olmadığını demiş və onlara tərəf yaxınlaşmaq istəməmişdir. Daha sonra Zərərçəkmiş şəxs onların yanına getməyəcəyi təqdirdə yanacaq doldurma məntəqəsində narahatlıq yaradacaqları barədə məntəqənin müdirinə bildirmişlər, buna görə də Zərərçəkmiş şəxs həmin şəxslərin yanına getmişdir. Bu zaman Şəxs və bacıları onu döyməyə başlayaraq onun bədənin müxtəlif nahiyələrinə vurmuşlar, daha sonra məntəqənin işçiləri müdaxilə edərək Zərərçəkmiş şəxs kənara çəkmişlər, bununla belə hadisənin baş verməsinə əsas səbəb Zərərçəkmiş şəxs qızı ilə gəlini arasında baş vermiş dava-dalaş olmuşdur. Hazırda Şəxs şikayətçidir, onun barəsində intizam tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı Məleykə Sarıyevanın qayınanasıdır. xx.xx.2024-cü il tarixdə “Azpetrol” yanacaq doldurma məntəqəsində Məleykə Sarıyevanın sənədlərini vermədiyinə görə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs onun bacısı Zərinənin saçından tutub onu döymüş, bundan sonra aralarında əlbayaxa dava düşmüşdür. Ola bilsin ki, dava dalaş əsnasında Zərərçəkmiş şəxs vurmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 07 oktyabr 2024-cü il tarixli, 1000 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində ənsə nahiyəsinin şişkinliyi fonunda, sol almacıq nahiyəsinin və sol bazunun orta üçdə birinin ön səthinin qançırları KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 06 oktyabr 2024-cü il tarixə uyğun glir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin, şahidin izahatını, 07 oktyabr 2024-cü il tarixli, 1000 saylı rəyi tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar