Məhkəmə qərarları › İş №3(076)-1242/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1242/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1242/2023 18.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəmkir şəhəri, Ş.İ.Xətai küçəsi, ev-13 də yaşayan Şəxs barəsində Şəmkir RPŞ-nin İTB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 tərəfindən tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs məxsus 300 manat pulu talamışdır və bununla da maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Allahverdi Əiraslanov DİN-nin 102 xidmətinə zəng vuraraq oğlu Elməddinin 300 manat oğurlaması barədə məlumat vermişdir. Bu vaxt əməliyyat qrupu tərəfindən hadisə yerinə gedilmiş və Elməddinin Bakıda olduğu aydın olmuşdur. Lakin Elməddin tutularkən izahatında pulu ona anasının verdiyini, oğurlamadığını bildirmişdir. Bundan sonra tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şəmkir RPŞ TB–nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun arvadı Bakı şəhərində olduğu üçün onun yanına getməli olmuşdur. Belə ki, arvadı evdə valideynləri ilə mübahisə etdiyi üçün onu evdən qovmuşlar, o, da arvadı ilə barışmaq üçün Bakı şəhərinə getmişdir. O, xx.xx.2023-cü il tarixdən 18-nə keçən gecə Bakı şəhərinə getmək üçün pulu olmamış, anasında pul istəmişdir. Anası Fatma pulu olmadığını, atası Allahverdinin cibindən götürüb ona 110 manat pul vermiş və pensiya alanda atasına qaytaracağını bildirmişdir. O atasının pulunu cibindən götürməmişdir. Atasının cibindən pulu anası götürüb ona vermişdi. Anası ona cəmi 110 manat pul vermişdir. O, özünü təqsirli hesab etmir. Bu səbəbdən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o Şəmkirdə köhnə bazarda meyvə satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdən 18-nə keçən gecə o bir yoldaşı ilə Şəmkir Səbəti bazarına mal gətirmək üçün getməli olmuşdur və səhər saat 05 radələrində yuxudan oyanmış və artırma evlərinin qapısının açıq olduğunu görmüş, lakin arvadı Fatmanı oyatmamışdır. Əl üzünü yuduqdan sonra əynini qeyinmişdir, əlini cibinə atanda pulunun cibində olmadığını görmüşdür. Onun cibində 298-300 manat bazardan mal almaq üçün pulu olmuşdur. O hesab edir ki, onun pulunu oğlu Elməddin götürüb. Lakin o yatdığı üçün pulu neçə götürülməsini bilmir. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam 23 radələrində yatmış, onun yataq otağında arvadı Şahid da yatır, ancaq oğlu Elməddin evin digər otağında yatır. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Elməddin onun oğlu, Allahverdi isə onun əridir. Əri alverlə məşğul olur. Oğlu 2023-cü ilin avqust ayının 17-dən 18-nə keçən gecə ona arvadı ilə barışmaq üçün Bakı şəhərinə getmək istədiyini və ona pul lazım olduğunu demişdir. O həmin vaxt ərinin cibindən 110 manat pul götürüb oğluna vermişdir. O, özü pulu götürüb bir-bir saymış 10 və 20 manatlıq əskinazlardan ibarət olmuş, sayıb oğluna vermişdir. Lakin pul götürərkən əri yatdığından ona deməmiş, oğluna pulu atasının cibindən xəbərsiz götürdüyünü pensiya alanda yerinə qoyacağını demişdir. Ərinin cibində 300 manat pul olmamış, oğlu Elməddin onların yataq otağa girməmiş və Allahverdinin cibindən pul götürməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şəmkir RPŞ TB–nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir Rayon Polis Şöbəsinin İTB-ə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə tərəflərin izahatları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən 18-nə keçən gecə 300 manat pulunun oğlu Şəxs oğurladığını bildirmişdir. Lakin Şəxs həmin pulu oğurlamadığını, ona anası Şahid tərəfindən atasının cibindən 110 manat pul götürülüb verdiyini qeyd etmişdir. Şahid oğlu Şəxs ərinin cibindən 110 manat pul götürüb verdiyini, özü pulu götürüb bir-bir saydığını, 10 və 20 manatlıq əskinazlardan ibarət olduğunu, sayıb oğluna verdiyini, pulu götürərkən əri yatdığından ona demədiyini, oğluna pulu atasının cibindən xəbərsiz götürdüyünü və pensiya alanda yerinə qoyacağını dediyini, ərinin cibində 300 manat pulun olmadığını, oğlu Elməddin onların yataq otağına girmədiyini və Allahverdinin cibindən pul götürmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını, şahidi dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri yoxdur və onun barəsində hazırda məhkəmədə baxılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 hadisənin sübut kimi yalnız təhqiqatçının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarını göstərmiş, özü isə heç bir inzibati araşdırma aparmayaraq, tərəflərin izahatlarını belə almamış və Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakteri məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibatidelikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qaişi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXMnin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə «cinayət işinin başlanması haqqında» qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə sübut qismində yalnız təhqiqatçının qərarı çıxış etmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs (Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5) bununla bağlı ətraflı araşdırma aparmamış və yalnız təhqiqatçının qərarı əsas götürülərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq materiallar araşdırılması üçün Şəmkir RPŞ-nin İTB-nə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Şəmkir RPŞ-nin İTB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar