Məhkəmə qərarları › İş №3(076)-1256/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1256/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1256/2024 03.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi, Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi: X1, Zərərçəkmiş şəxs: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMCdə Emal sənayəsi üzrə ixtisassız fəhlə vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)-1757/2018 saylı icra sənədi üzrə yaranmış borcu ödəməyərək, sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə il ərzində təkrar əməl etməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2024-cü il tarixli, 2(076)- 2720/2018 saylı icra sənədinə əsasən, tərəflərin birgə ailə münasibətlərindən doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub anaları X3 verilməsi qət edilmişdir, lakin o aylıq 200 manat pul ödəyir, əvvəlki illərdən yığılmış qalıq borcundan, yəni 13760 manat məbləğində olan borcdan heç bir məbləğdə ödəniş etmir. Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək ondan borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Həmçinin borclunun yaşadığı ünvanda tapılmadığı üçün barəsində axtarış verilmiş, sonradan polis şöbəsinin əməkdaşlarının köməyi ilə icra idarəsinə gətirilmişdir. Hazırda Şəxs tələbkara cəmi 13760 manat borcu vardır. Borclu əvvəllərdə eyni icra sənədi üzrə inzibati məsuliyyətə cəlb olunaraq 15 gün inzibati həbs növündə tənbehə məruz qalmışdır. Həbsdən çıxandan sonrada islah olunmamış, yığılmış borc üzrə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Volodiya oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Volodiya oğlu icra məmurunun qanuni tələblərini il ərzində təkrar yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırdığına görə hazırkı protokolla məhkəməyə müraciət olunmuşdur. Borclu haqqında qanuni tədbir görülməsini və barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs olan 2 uşağın saxlanmasında çətinlik çəkir, maddi köməyə ehtiyacı var, borclu isə alimenti tam ödəmir müxtəlif vasitələlərlə yayınır, borclu ilə barışmaq, ona borcunu ödəməsi üçün müəyyən vaxt verilməsini qəti istəmir, borcunun tam şəkildə ödənilməsini, ödəmədiyi təqdirdə cəzalandırılmasını tələb edir. Qeyd etdiklərinin nəzərə alınaraq borclunun barəsində ən ağır tənbeh növünün seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodiya oğlu izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub anaları X3 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir, aşağı nəvacibli bir işdə işləyir, hazırkı vaxtda ödəniş edə bilmir, hazırda ikinci nikaha daxil olmuş və ümumilikdə 3 uşağ vardır, ikinci ailəsinində dolanşacağı onun üzərindədir. Borcundan hər ay 200 manat ödəyə bilər. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Volodya oğlu icra sənədinin icrası ilə bağlı 13760 manat məbləğində qalıq borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə il ərzində təkrar əməl etməmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)-2720/2018 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs Volodiya oğluna 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs Volodiya oğlunun, tələbkarın, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs Volodiya oğlunun məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs Volodiya oğlunun məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, X11 Hüseynov X8 Apellyasiya Məhkəməsinin, xx.xx.2018-ci il tarixli, 2(076)-2720/2018 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar həmin hərəkətə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Volodiya oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxlər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs Volodiya oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın müddəti 03 dekabr 2024-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar