Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1259/2024 20.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şikayətçi: X10 X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tərbiq edilməsi haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X16 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X6 onun barəsində Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsini iddia edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati xəta nəzərdə tutduğu üçün inzibati tənbeh verilməsi qərarı qəbul etmişdir. Halbuki, onun əməlində İXM-nin 192.6-cı maddəsinin tərkib əlamətləri olmamışdır. Belə ki, Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı X8 vəzifəsini icra edərkən səhlənkarlıq edir, kollektivlə və vətəndaşlarla kobud rəftar edir. Ona görə də dəfələrlə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilməsinə baxmayaraq heç bir nəticə çıxarmamışdır. 16 sentyabr 2024-cü il tarixdə X4 ona verilmiş tapşırığı yerinə yetirərkən yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Aliyə Kazımova ona verilmiş şiddətli töhmətlə razılaşmamış, subordinasiya qaydalarını kobud pozaraq müəssisəsinin rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin, 17 sentyabr 2024-cü il tarixdə Aliyə Kazımovanın səhlənkarlığı nəticəsində 29 nəfər təqaüdçünün pensiyası dayandırılmışdır. Həmin sakinlərdən iki nəfər qəsəbə sakini X11, X9 təqaüdlərinin kəsilməsinin səbəbini bilmək üçün idarənin kargüzarının iş otağına yaxınlaşarkən, tərəflər arasında mübahisə yaranmış, mübahisə nəticəsində sakinlərə nalayiq ifadələr işlətmişdir. Ona görə də o,19 sentyabr 2024-cü tarixdə Kür qəsəbə Mənzil Təmir İstismar X22 İttifaqı Təşkilatına təqdimatla müraciət etmişdir. Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar X7 Təşkilatının 19 sentyabr 2024-cü il tarixli iclasının nəticəsi olaraq Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı X3 idarə rəisinin verdiyi təqdimatı, iclas iştirakçılarının etdiyi çıxışları nəzərə alıb işdə buraxdığı nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olmasına razılıq verilməsi qərara alınmışdır. Bundan sonra Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmri ilə Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı X8 20 sentyabr 2024-cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin kargüzarı vəzifəsindən azad edilmişdir. X8 ilə bağlanmış əmək müqaviləsinə 20 sentyabr 2024-cü ilin tarixindən xitam verilmişdir. Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin rəisinin xx.xx.2024-cü tarixli 7 nömrəli şiddətli töhmət əmrindən sonra da kargüzar X8 ona verilmiş tapşırığı yerinə yetirərkən nöqsanlara yol vermişdir. Ona görə də onun kobud davranışları ilə bağlı 17 sentyabr 2024-cü il və 18 sentyabr 2024-cü il tarixlərdə barəsində aktlar tərtib edilmişdir. Hesab edir ki, Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı X8 20 sentyabr 2024-cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin kargüzarı vəzifəsindən azad edilmsi barədə Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmri qanuni və əsaslı olmuşdur. Qeyd olunan xüsusatlara əsasən X13 Xidməti Qazax-Tovuz regional şöbəsinin barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini ədalətli nəticə hesab edir. Odur ki həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X16 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X12 bildirmişdir ki, X24 Kazımova ilə bağlanmış əmək müqaviləsinə əmək qanunverciliyinin tələblərini pozmaqla xitam verdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir, belə ki, 19 sentyabr 2024-cü il tarixli, 8 saylı əmrdə göründüyü kimi, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutsa da, işdən azad olunmanın əsası kimi işçi barəsində çıxarılmış 16 sentyabr 2024-cü il tarixli, 7 saylı şiddətli töhmət barəsində əmri göstərmişdir. Halbuki işdən çıxarılma əmrində əvvəlki əmr əsas kimi göstərilə bilməz. Belə bir əsas Əmək Məcəlləsində göstərilməmişdir.Əsas kimi 70-ci madddədə sadalanan hallardan biri qeyd edilməli idi. Odur ki, təmsil etdiyi orqanın X10 barəsində qəbul etdiyi qərarın qanuni və əsaslı, eləcə də işin hərtərəfli, obyektiv araşdırılması hallarına uyğun olduğunu bildirərək hazırki şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin bildirdi ki, hazırda X10 qəbul etdiyi 8 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv edilmiş və Aliyə Kazımovanın işə bərpa edilməsi barədə qərar çıxarılmışdır. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsində qəbul edilmiş aktın surətindən görünür ki, X1 qaydalarını kobud surətdə pozaraq nalayiq ifadələr işlətməsi ilə bağlı hadisəni əks etdirən akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəsinin 7 saylı əmrin surətindən görünür ki, X4 yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 23.09.2024-cü il tarixli Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsində qəbul edilmiş aktın surətindən görünür ki, X8 müvafiq əmrlə işdən azad olunmasına baxmayaraq bu hal ilə razılaşmayıb işə gəlməyə davam etməsi ilə bağlı hadisəni əks etdirən akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəsinin 8 saylı əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X2 qəsəbə Mənzil Təmir İstismar sahəsinin kargüzarı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Əsas kimi şiddətli töhmət əmri göstərilmişdir. 27.09.2024-cü il tarixli X8 tərəfindən X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, X25 qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəsinin onun işdən azad edilməsi ilə bağlı əmrindən narazılıqlarını qeyd edərək həmin əmrin ləğv edilməsini xahiş etmişdir. 26 noyabr 2024-cü il tarixli, MN №0020631 saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərardan görünür ki, X16 vəzifəli şəxs hesab edilərək barəsində 1500 manat şərti cərimə tətbiq edilmişdir.Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Şəmkir rayon məhkəməsinin 17 dekaber 2024-cü il tarixli, 2(076) 4087/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbnə dair iddiası təmin edilərək 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmr ləğv edilmiş və Aliyə Kazımova işə bərpa edilmişdir. Məhkəmə şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Əmək insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək hüququhər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə daxil olmaq imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Əmək Məcəlləsinin əmək müqaviləsinin anlayışını müəyyən edən 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri müəyyən edilir. Qeyd edilməlidir ki, əməyin azadlığı, eləcə də əmək müqaviləsi azadlığı təkcə əmək münasibətlərinə daxil olmada iradə azadlığını deyil, həm də tərəflərin qarşılıqlı razılığı, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tərəflərdən birinin təşəbbüsü ilə ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan vətərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 308-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin192.6, 192.10, 192.11, 201, 203,209, 279.0.1,393-1.2, 393- 1.4,394.0.5, 394.0.7, 395, 518.1, 532,533-1,536, 537.2,539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2və 603-cümaddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Beləliklə, vəzifəli şəxs X16 işçi Aliyə Kazımova ilə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Zakir Bağırov 19 sentyabr 2024-cü il tarixli, 8 saylı əmrin əsası kimi 16 sentyabr 2024-cü il tarixli, 7 nömrəli şiddətli töhmət əmri göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Belə ki, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 19 sentyabr 2024-cü il tarixli, 8 saylı əmrdən göründüyü kimi, X15 göstərilən əsaslardan heç birini işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi qeyd etməmiş,qeyd etdiyi əsas isə ümumiyyətlə əmək qanunvericiliyində müəyyən olunmur. Beləliklə, X16 əmək qanunvericiliyin tələblərini pozaraq işçi ilə əmək müqaviləsinə xitam verdiyinə görə müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş və şərti olaraq barəsində inzibati cərimə tətbiq edilmişdir. Odur ki, X10 barəsində olan sözü gedən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qanuni və əsaslı olması müəyyən edilmişdir ki, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində qeyd olunan əsaslardan heç biri mövcüd deyildir. Göstərilənlərə əsaslanaraq, məhkəmə belə hesab edir ki, X10 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Bu Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-1259/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1259/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver