Məhkəmə qərarları › İş №3(076)-1260/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1260/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1260/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs Şəmkir rayonu ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, X4 onun dostudur. Onlar xx.xx.2024-cü il tarixdə Rəvanın idarə etdiyi Daevoo Gentra markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonundan Bakı-Qazax avtomobil yolu ilə Qazax rayonu istiqamətində yola düşmüşdülər. Saat 06:45 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində 724 saylı stasionar posta çatan zaman orada xidmət aparan polis əməkdaşları Rəvanın idarə etdiyi avtomobil texniki nasaz olduğu üçün avtomobilə saxla işarəsi vermiş və Rəvan avtomobili saxlamışdır. Bundan sonra onlar avtomobildən düşən zaman polis əməkdaşları onlardan sənədlərini tələb etmişdir. Bu zaman onlar polis əməkdaşları ilə aqressiv danışmış və Rəvan əlindəki kəsici alətlə özünün boyun və qol nahiyyələrinə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları onları nizam intizama dəvət edərək Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Daha sonra isə polis şöbəsində üzərində yoxlama aparmışdılar. Bu zaman o üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki idman şalvarının sağ yan cibində olan kağız bükümü təqdim etmişdir. Təqdim etdiyi kağız bükümü polis əməkdaşları tərəfindən açılan zaman içərisində bozumtul rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilən zaman 0.40 qram təşkil etmişdir. Aşkar edilmiş kütlənin narkotik vasitə olub-olmadığını müəyyən etmək üçün ekspertiza üçün qablaşdırılmışdır. Daha sonra yenidən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir şey aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında bildirdi ki, 04 dekabr 2024-cü il tarixdə saat 06:45 radələrində DİN-in BDYPİ-nin YPX Alayının 9- cu tağımının əməkdaşları tərəfindən Daevoo Gentra markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 və avtomobildə olan sərnişin Şəxs Bakı-Qazax yolunun 380-ci kilometrliyində 724 saylı stasionar postda saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin növbətçi hissəsində Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Cavid Müzəffərli tərəfindən X1 və Şəxs üzərinə üst baxış keçirilmiş, baxış zamanı Şəxs üzərindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daxil olmuş raport 04 dekabr 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsində "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydliyyatı" kitabında HK-1/3625 nömrəsində qeydə alınaraq yoxlanılması üçün icraata daxil olmuşdur. Aşkar edilmiş kütlə ekspertizaya göndərilmiş, ekspertizanın 04 dekabr 2024-cü il tarixli 16/1033 nömrəli ekspert rəyində Şəxs üzərində aşkar edilmiş maddənin təmiz çəkisi 0, 33 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olması qeyd edilmişdir. Buna görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti Şəmkir RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki Şəxs barəsində ciddi inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması, habelə, onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. İşdə olan Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs üzərindən narkotik vasitəyə bənzər 0.40 qram çəkidə kütlə aşkar edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi X3 04 dekabr 2024-cü il tarixli, 16/1098 saylı rəyə əsasən, Şəxs üzərindən götürülmüş 1(bir) ədəd qara rəngli kağıza bükülmüş kütlə, ümumi təmiz çəkisi 0.33 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1942 nömrəli rəyindən görünür ki, Şəxs, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda narkotik vasiə olan marixuananın (kannabis) şəxsi istehlak miqdarında hesab edilməsi 5 (beş) qram çəkidə olduğu təqdirdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə hesab edir ki, Şəxs, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ona görə də, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:45-dən hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs narkoloji dispanserdə qeydiyyata alınması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar