Məhkəmə qərarları › İş №3(076)-1274/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1274/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1274/2023 23.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,məhkumluğu olmayan, Şəmkir şəhəri, Şəmkir küçəsi, ev-44 də qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 29,120-ci maddəsi ilə təqsirli bilinib barəsində “həbs” qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında ptorokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında ptorokolda göstərilmişdir ki, Şəmkir Rayon Prokurorluğunun inzibati iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə 360000 ABŞ dolları pul köçürməsi nəticəsində təxminən 3600 manat gəlir əldə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Şəxs lisenziyası olmadan valyuta dəyişmişdir. Şəmkir Rayon Prokurorluğunun göndərdiyi materialda göstərilmişdir ki, Şəxs barəsində olan cinayət işi üzrə verdiyi ifadəsində 360000 ABŞ dolları pul köçürməsini və gəlir əldə etməsi bildirilmişdir. Nümayəndəsi olduğu 14 saylı Ərazi Vergilər İdarəsi Şəmkir Rayon Prokurorluğunun təqdim etdiyi materialı əsas götürmüş və əlavə heç bir araşdırma aparmadan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə protokol tərtib etmişdir. Onlar yalnız Şəmkir Rayon Prokurorluğunun verdiyi sənədlər əsasında protokol tərtib etmişlər. Şəxs istintaq təcridxanasında olduğundan onlar tərəfindən təqsirləndirilən şəxsin dindirilməsi və inzibati işə münasibətinin öyrənilməsi mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil bildirdilər ki, inzibati icaatın 14 saylı Ərazi Vergilər İdarəsində araşdırılmasından onları xəbəri olmamış, Şəxs heç bir məlumatı verilmədən, bir tərəfləri araşdırma aparılmaqla inzibati protokol tərtib edilmişdir. Əslində işin faktiki halı bundan ibarətdir ki, Şəxs Rusiya Federasiyasından ölkə ərazisinə pul göndərmək istəyən, yaxud ölkə ərazisindən Rusiya Federasiyasına pul göndərmək istəyən şəxslərin arasında vasitəçilik etmiş, həmin pulları əvəzləşdirmiş, 10000 ABŞ dollarında 10 ABŞ dolları gəlir əldə etmişdir. Lakin 360000 ABŞ dolları pulu köçürərək gəlir əldə etməmişdir. İnzibati icraat haqda qanunvericiliyin tələbi pozulduğundan icraat xitam verilməlidir. İnzibati xəta haqqında mаteriаlı аrаşdırılarkən müəyyən оlundu ki, Şəxs bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib оlunmuş inzibati material düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin inzibati icraat aparmış 14 saylı Ərazi Vergilər İdarəsinin hüquq şöbəsinin rəisi X3 hadisənin sübutu kimi yalnız Şəmkir Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarını göstərmiş, özü isə heç bir inzibati araşdırma aparmayaraq, tərəflərin izahatlarını belə almamış, əldə edilmiş gəliri təxmini olaraq göstərməklə Şəxs barəsində İXM-nin 398-ci maddəsi ilə protokol tərtib etmişdir. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Bundan əlavə Şəxs barəsində inzibati icraat aparılması barədə məlumatın verilməsi, dindirilməsi və barəsində inzibati icraatın başlanılması barədə qərarın surətinin verilməsi barədə heç bir sübut materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Məhkəmə hesab edir ki, inzibati icraat aparan orqan (vəzifəli şəxs) təkcə Şəmkir Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarında göstərilənlərlə kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə sübut qismində yalnız Şəmkir Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı çıxış etmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs (14 saylı Ərazi Vergilər İdarəsinin hüquq şöbəsinin rəisi X3) bununla bağlı ətraflı araşdırma aparmamış və yalnız Şəmkir Rayon Prokurorluğunun qərarını əsas götürülərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati material 14 saylı Ərazi Vergilər İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar