Məhkəmə qərarları › İş №3(076)-1287/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1287/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1287/2024 18.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi, Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi: X1, Müdafiəçi: Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qax rayonu, Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2020-ci il tarixli, 2(076)-1198/2020 saylı icra sənədi üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun əsaslarını müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2020-ci il tarixli, 2(076)-1198/2020 saylı icra sənədinə əsasən, tərəflərin birgə ailə münasibətlərindən doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub anaları Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs borcu barədə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək ondan borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Həmçinin borclunun yaşadığı ünvanda tapılmadığı üçün barəsində axtarış verilmiş, sonradan polis əməkdaşlarının köməyi ilə icra idarəsinə gətirilmuşdir. 19 noyabr 2024-cü il tarixdə borclu barəsində İXM -nin 528.1-ci maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin həmin vaxt borclu Rusiya Federasiyasından yeni gəldiyindən, könüllü icra müddəti ilə bağlı məhkəmənin qərarı ilə inzibati işə xitam verilmişdir. Həmin vaxt borclu icra sənədi ilə tanış olmuş, ona könüllü icra müddəti verilmiş, lakin borclu borcundan könüllü olaraq heç bir məbləğdə ödəniş həyata keçirməmişdir.Hazırda borclunun 14313 ( on dörd min üç yüz on üç) manat məbləğində qalıq borcu vardır. Borclu 150 manat pensiya alır, hər ay pensiyasının 70% məbləğində məcburi olaraq tələbkarın xeyrinə aliment tutulur, bundan əlavə borclu özü heç bir ödəniş etmir.Borclunun evinə gedilmiş, yaşayışı normaldır, lakin alimenti ödəməkdən qəsdən boyun qaçırır. Protokolu müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini, ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2020-ci il tarixli, 2(076)-1198/2020 saylı icra sənədinə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub anaları Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir, 3-cü qrup gözdən əlildir. Özü bu vaxta qədər heç bir yerdə işləməmişdir, 2020-ci ildən Rusiya Federasiyasına getmiş, noyabr ayının sonlarında Azərbaycan Respublikasına qayıtmış, həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər və orada xəbər tutmuşdur ki, barəsində aliment borcuna görə icra şöbəsi tərəfindən axtarış elan olunmuşdur, daha sonra o məhkəməyə gətirilmiş, və ona icra məmuru tərəfindən könüllü icra müddəti verilmədiyindən məhkəmə barəsində baxılan inzibati işə xitam vermişdir. Həmin vaxtdan sonra heç bir ödəniş edə bilməmiş, hazırda heç bir yerdə işləmir, ödənişdən qəsdən yayınmır. Pensiya kartından 2021-ci ildən başlayaraq mütəmadi 100 manat məbləğində tələbkarın xeyrinə aliment üçün pul tutulur, əlavə gəliri olmadığından yığılmış borcundan ödəniş edə bilmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 çıxış edərək bildirdi ki, Şəxs borcu ödəməkdən qəsdən boyun qaçırmır, uzun müddət Rusiya Federasiyasında olmuş, barəsində belə bir qətnamənin çıxarılmasından xəbəri olmamışdır. Hazırda heç bir yerdə işləmir, sadəcə əlilliyə görə pensiya alır, pensiyadan isə hər ay tələbkarın xeyrinə 100 manata qədər məbləğdə aliment tutulur. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2020-ci il tarixli, 2(076)-1198/2020 saylı icra sənədinə əsasən, tərəflərin birgə ailə münasibətlərindən doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulub anaları Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1198/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar 19 noyabr 2024cü il tarixdə borcluya təqdim edilmiş, həmin tarixdə qərarla tanış olmasına dair qeydlər edərək imza etmişdir. “Elektron məhkəmə” informasiya portalından əldə edilmiş çıxarışdan görünür ki, Şəxs, 3-cü qrup əlilliyə görə ( 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyinə görə) 150 manat pensiya alır. Şəmkir rayon məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(076)-1207/2024 saylı qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" ASC-nin çıxarışından görünür ki,xx.xx.2021-ci il tarixdən 22 noyabr 2024-cü il tarixədək olan müddətlərdə Şəxs məxsus hesaba hər ay 150 manat mədaxil olur,həmin məbləğdən 105 manat məbləğində pul isə Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən tələbkarın xeyrinə tutulur. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını, daha sonra onun müdafiəçisinin ümumiyyətlə boclunun qətnamədən xəbəri olmadığını bildirməsinə dair izahatların inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş və ziddiyətli izahatlar olması qənaətinə gəlir. Belə ki, şəxs 19 noyabr 2024-cü il tarixdə barəsində tərtib olunmuş inzibati protokola baxılması ilə əlaqədar məhkəmə prosesində və ondan kənar icra sənədi ilə ayrıca tanış olmuş, bilmişdir ki, onun ödənilməmiş aliment borcu vardır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2020-ci il tarixli, 2(076)-1198/2020 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 14313 manat aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 dekabr 2024-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar