Məhkəmə qərarları › İş №3(076)-1300/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1300/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1300/2023 03.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Şəmkir RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəmkir RPŞ- dən daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 Şəmkir rayonu, Seyfəli kəndinin mərkəzində ucadan qışqıraraq digər şəxslərin narahatçılığına səbəb olmuş ictimai qaydanı pozmuş və bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, ona təqdim edilmiş material əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində inzbiti protokol tərtib etmiş, əlavə inzibati qaydada heç bir araşdırma aparmamışdır. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:00 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşadığı evdə sərxoş olmuş, əsgərlikdən yeni gələn oğlu sözünə baxmamış, ona qarşı nalayiq sözlər işlətmişdir. O da əsəbləşib DİN 102 xidmətinə zəng etmişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və onların avtomobili ilə polis şöbəsinə getmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 09:00 Şəmkir rayonu, Seyfəli kəndinin mərkəzində ucadan qışqırmamış, ictimai qaydanı pozmamış, polis əməkdaşları ona irad bildirməmişdir. Onun barəsində başlanılmış inzibati işin icaatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 ifadəsində bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə DİN 102 xidmətinə zəng vurub baş kəsdiyini dedi üçün, o və növbədə olan digər polis əməkdaşları Şəxs yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində olan evə getmişlər. Həmin vaxt Şəxs yaşadığı evin qarşısında sakit dayandığını görmüşlər və onların təklifi ilə polis avtomobilinə əyləşmişdir. Şəxs polis avtomobilində siqarət çəkmək istəmiş, onlar da icazə verməmişlər. Şəxs avtomobilə özü minmiş, heç bir etiraz etməmiş, həmin vaxt Şəxs sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs ictimai yerdə olmamaqla yanaşı ictimai qaydanı pozmamış və polis əmkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməsi halı baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar