Məhkəmə qərarları › İş №3(076)-1340/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1340/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1340/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi: X5 Zərərçəkmiş şəxslər: X1, X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1973-cü ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şəmkir rayonu, Sabirkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 23 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində yaşadıqları evdə arvadı X2, 17 sentyabr 2023-cü il tarixdə isə Aytac, Ayşən və Vüsal adlı uşaqlarını vuraraq onların sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, X3 onun arvadı, Aytac, Ayşən və Vüsal isə birgə nikahdan doğulmuş uşaqlarıdır. Arvadı uşaqlarına məktəb ləvazimatları alması və borclu olması səbəbindən borclular 23 avqust 2023-cü il tarixdə yaşadığı evə gəlmiş, ona görə də arvadı ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt spirtli içki qəbul edib sərxoş olduğundan sillə ilə arvadının sifət nahiyəsinə vurmuşdur. Həmçinin, 17 sentyabr 2023-cü il tarixdə yaşadıqları evdə olarkən oğlu Vüsalı mağazaya göndərmiş, lakin o getmək istəmədikdə əsəbiləşərək oğlunu vurmuş, həmin vaxt araya girən qızları Aytac və Ayşəni vuraraq xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı göstərdi ki, 23 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində yaşadıqları evdə olarkən əri Oruc sərxoş vəziyyətdə, heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş və mübahisə zamanı sillə ilə onun sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmçinin, 17 sentyabr 2023cü il tarixdə yaşadıqları evdə olarkən oğlu Vüsalı mağazaya göndərmiş və nisyə yumurta almasını demiş, lakin oğlu nisyə yumurta almaq istəmədikdə oğlunu vurmuş, həmin vaxt araya girən qızları Aytac və Ayşəni vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini və ona ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 anası X1 iştirakı ilə dindirilərkən məhkəmə iclası zamanı göstərdi ki, 17 sentyabr 2023-cü il tarixdə yaşadıqları evdə olarkən atasına ona 1 manat pul vermiş, çörək və nisyə yumurta almasını demiş, lakin o, nisyə yumurta almaq istəmədiyini bildirmişdir. Həmin vaxt atası onu vurmuş, eləcə də, araya girən bacıları Aytac və Ayşəni vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 1102 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthində sağ dirsək oynağının arxa səthinin və bel nahiyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 17 oktyabr 2023-jü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar