Məhkəmə qərarları › İş №3(076)-1355/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1355/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1355/2023 21.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi Şəmkir KMK-nın direktoru X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440004 saylı inzibati tənbeh vermə haqqında qərarından Şəmkir KMK-nın direktoru X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440004 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli, MN №1440004 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə əsasən barəsində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Qərar xx.xx.2023-cü il tarixli, Ç-BM/4123-362 nömrəli məktubla Şəmkir Kommunal Müəssisələri Kombinatına göndərilmişdir. Məktubu xx.xx.2023-cü il tarixində qəbul etmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, o Şəmkir Kommunal Müəssisələri Kombinatında direktor vəzifəsində çalışır. Şəhərdə təmizlik və abadlıq işlərinin təşkilinin həyata keçirilməsinə nəzarət edir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvələrində Şəmkir Rayonu tullantı poliqonunda yanğın baş vermişdir. Yanğın barədə tullantı poliqonunda xidmət aparan növbətçi tərəfindən məlumat daxil olduqdan sonra dərhal FHN-nin yanğın söndürmə əməkdaşlarına məlumat verilmişdir. Yanğın FHN-nin yanğınsöndürmə əməkdaşları, Şəmkir KMK-nın əməkdaşları və su maşınlarının birgə səyi nəticəsində söndürülmüşdür. Yanğının baş vermə səbəbi dəqiq müəyyənləşdirilə bilməmişdir. Yanğın Şəmkir Kommunal Müəssisələri Kombinatı tərəfindən törədilməmişdir. Tullantılar poliqonuna toplanılmış tullantılar heç vaxt yandırılmır həmin tullantılar xüsusi texnikalar vasitəsilə basdırılır. Buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yanğının törədilməsinə təqsirli olaraq Şəmkir Kommunal Müəssisələri Kombinatını bilmiş və AR İXM-nin 234.0.5-ci maddəsi ilə (sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsi) ona vəzifəli şəxs kimi 2500 (iki min beş yüz) manat cərimə tətbiq etmişdir, bunun üçün ona cərimə tətbiq edilməsini düzgün hesab etmir. Qeyd edir ki, tullantılar poliqonunda tullantıların toplanılması, saxlanılması qaydalarına Şəmkir KMK tərəfindən həmişə əməl olunmuşdur. Yanğın böyük ehtimal ki, Tullantılar poliqonu yaxınlığında qeyri-qanuni tikilmiş fərdi yaşayış evlərində yaşayan sakinlərin yanğın təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən və ya hava şəraitinin isti olması ilə əlaqədar tezalışan maddələrin bir-biri ilə reaksiyası nəticəsində baş vermişdir. Həmçinin həmin ərazidə tullantıların məhv edilməsi zamanı yandırılma prosesi heç vaxt baş verməmişdir. Tullantılar ancaq basdırılma üsulu ilə məhv edilir. Yanğın naməlum səbəbdən baş vermişdir. Lakin qeyd edilənlərə baxmayaraq AR İXM-in 234.0.5-ci maddəsinə əsasən ona cərimə tətbiq edilib. Halbuki bu qeyri-mümkündür. Çünki o həmin ərazidə yanğın törədən şəxs deyil baş vermiş ərazidəki yanğının söndürülməsi üçün Şəmkir KMK-nin bütün su daşıyıcı texnikalarını və işçi qüvvəsini həmin əraziyə cəlb edən və yanğının söndürülməsində fəal iştirak edən şəxs olmuşdur. Tullantılar poliqonunda tullantıların basdırılması müəyyən edilmiş qrafik əsasında həyata keçirilir. Həmin müddət ərzində şəhər ərazisindən toplanılmış tullantılar həmin ərazidə toplanılır. Ərazidə tullantıların yandırılması prosesi heç vaxt həyata keçirilməmişdir. Məhkəmə iclasında şikayətçi Şəmkir KMK-nın direktoru X5 şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, FHN-nin yanğınsöndürmə əməkdaşları ilə heç bir əlaqələri olmayıb. FHN-nin yanğınsöndürmə əməkdaşlarının yanğının baş vermə səbəbinin araşdırılıb-araşdırılmaması, hansı səbəbdən baş verməsi barədə onlarda heç bir məlumat yoxdur. Onlar tərəfindən tullantılar poliqonuna toplanılmış tullantılar heç vaxt yandırılmır, həmin tullantılar xüsusi texnikalar vasitəsilə basdırılır. O və əməkdaşları yanğın baş verdiyi vaxt həmin ərazidə olmuşlar və yanğını söndürmüşlər. O, məhkəmədən şikayətinin təmin edilməsini, xx.xx.2023-cü il tarixli, MN1440004 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, 2023-cü ilin avqust ayının 24-25 tarixlərində Şəmkir Rayonu tullantı poliqonunda yanğın baş verməsi ilə bağlı FHN-nin qaynar xəttinə edilmiş vətəndaş müraciəti əsasında tərəflərindən yanğın baş verilmiş əraziyə baxış keçirilmiş və Şəmkir KMK-nın direktoru X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440004 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onlar inzibati tənbeh vermə haqqında qərarı FHN-nin qaynar xəttinə edilmiş vətəndaş müraciəti əsasında və həmin əraziyə baxış keçirilməsi barədə protokol əsasında qəbul etmişlər. Tərəflərindən inzibati tənbeh vermə haqda qərar qəbul edilərkən 2023-cü ilin avqust ayının 24-25 tarixlərində Şəmkir Rayonu tullantı poliqonunda yanğının baş vermə səbəbləri araşdırılmamış, FHN-nin qeyd edilən yanğının baş verməsi ilə bağlı araşdırma materialları ilə tanış olmamışlar, yanğının baş vermə səbibini və kimin tərəfindən yandırılmasını müəyyən etmədən, yanğın nəticəsində atmosferə zəhərli qazların yayılmasını və yanğın baş vermiş ərazinin Şəmkir KMK-na məxsus olması əsas götürülmüşdür. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, şikayət ərizəsini, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN1764051 saylı protokoldan görünür ki, 24-xx.xx.2023-cü il tarixdə Şəmkir KMK-nın Tullantılar poliqonunda yanğın baş vermiş və atmosfer havasının çirklənməsi səbəbi ilə X3 barəsində İXM-nin 234.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN1440004 saylı qərardan görünür ki, Şəmkir KMK-nın direktoru X5 tullantı poliqonunda yanğınla bağlı atmosfer hasarının çirklənməsilə bağlı İXM-nin 234.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətmiş və 2500 manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş məktublardan görünür ki, qaynar xəttdə zəng edilərək xx.xx.2023-cü il tarixdə saat 15:21 radələrində Şəmkir rayonu Kraz yolunda zibilin yandırılması və hər yeri tüstü götürülməsi ilə bağlı, xx.xx.2023-cü il tarixdə saat 09:17 radələrində Şəmkir rayonu Üçtəpə ərazisində Kraz yolunda məişət tullantılarının yandırılması, xx.xx.2023-cü il tarixdə saat 15:21 radələrində Şəmkir rayonu Kraz yolu Yeni yaşayış massivinin həyətində zibil poliqonun yandığı bildirilmişdir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440004 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar onun qəbul etmiş orqan tərəfindən araşdırma aparılmadan və yanğının hansı səbəbdən baş verməsi və təqsirli şəxsi müəyyən edilmədən qəbul edilmişdir. Belə ki, 2023-cü ilin avqust ayının 24-25 tarixlərində Şəmkir Rayonu tullantı poliqonunda yanğın baş verməsi ilə bağlı FHN-nin qaynar xəttinə vətəndaş müraciətləri daxil olmuş, FHN-nin yanğınsöndürmə əməkdaşlarının və Şəmkir KMK-nın əməkdaşları birgə səyi nəticəsində yanğın söndürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə görə məsuliyyət o zaman yaranır ki, sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsi halı baş vermiş olsun. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 2023-cü ilin avqust ayının 24-25 tarixlərində Şəmkir Rayonu tullantı poliqonunda yanğının baş vermə səbəbləri araşdırılmadan, FHNnin qeyd edilən yanğının baş verməsi ilə bağlı araşdırma materialları ilə tanış olmadan, yanğının baş vermə səbibini və kimin tərəfindən yandırılmasını müəyyən etmədən, yanğın nəticəsində atmosferə zəhərli qazların yayılmasını və yanğın baş vermiş ərazinin Şəmkir KMK-na məxsus olması əsas götürülməklə, Şəmkir KMK-nın direktoru X5 barəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə tənbeh edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə (orqana) göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən araşdırılma aparmadan qərar çıxarıldığından X5 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440004 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440004 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İş araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar