Məhkəmə qərarları › İş №3(076)-1388/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1388/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1388/2023 02.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X6 Zərərçəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.2002-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 24 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində X3 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, 24 sentyabr 2023-cü il tarixdə əri Qulu Quliyevlə aralarında mübahisə olmuş və mübahisə zamanı əri onu və anasını vurmuşdur. Bu səbbədən DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onun məlumatı əsasında onları polis şöbəsinə dəvət etmişlər. Həmin gün saat 12 radələrində Şəmkir RPŞ-nin inzibati binasının qarşısında olarkən ərinin qohumu X4 oraya gəlmiş, onunla mübahisə etməyə başlamış və mübahisə zamanı onu vurmuşdur. O da Səfa Həsənovanın qanunsuz hərəkətinə görə və özünü müdafiə etmək üçün Səfanı vurmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı göstərdi ki, 24 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində qohumu Qulu Quliyevlə arvadı Şəxs arasında dava düşmüş, bu səbəbdən onları Şəmkir RPŞ-yə dəvət etmişlər. Qulu qohumu olduğu üçün o da şöbəyə getmişdir. Şəmkir RPŞ-nin inzibati binasının qarşısında olarkən Şəxs heç bir əsas olmadan onu vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəxs onun qızı, Qulu Quliyev isə kürəkənidir. 24 sentyabr 2023-cü il tarixdə qızı ona zəng edərək əri tərəfindən döyülməsini bildirmiş, bu səbəbdən qızının evinə getmişdir. Orada kürəkəni onunla da mübahisə etmiş və onu vurmuşdur. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişlər və onları polis şöbəsinə dəvət etmişlər. Həmin gün saat 12 radələrində Şəmkir RPŞ-nin inzibati binasının qarşısında olarkən Qulunun qohumu X4 oraya gəlmiş, Gülcanla mübahisə etməyə başlamış və mübahisə zamanı Gülcanı vurmuşdur. Gülcan da özünü müdafiə etmək üçün Səfanı vurmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 1144 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində burun yəhərinin qançırı kimi xəsarət aşkar edilmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar