Məhkəmə qərarları › İş №3(076)-1398/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1398/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1398/2023 04.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Gədəbəy rayonu, Sarıhasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, "xxxx" MMC-də sürücü işləyən, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-978/2017 saylı icra sənədi üzrə yaranmış 2.681 borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəxs cəmi 3.500 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu tələbkara olan borcunu ödəməmişdir. Hazırda Şəxs 2.681 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan cəmi 3.500 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. Lakin məhkəmə iclaslarında iştirak etməmiş, bu səbəbdən mövcud qətnamədən məlumatı olmamışdır. Yalnız 2023-cü ilin fevral ayında icra məmuru onu icra şöbəsinə dəvət etmiş, həmin vaxt qətnamədən xəbərdar olmuşdur. Belə ki, qətnamədən vaxtında məlumatı olsa idi, imkan daxilində borcunu ödəyə bilərdi. Bundan başqa qeyd edir ki, 2020-ci ildən etibarən "xxxx" MMC-də sürücü işləyir və 405 manat əmək haqqı alır. Bu ilin avqust ayında borcundan 850 manat ödəmişdir. Hazırda da tələbkara olan borcunu ödəməkdən yayınmır və borcu ödəməli olmasını bilir. Bu səbəbdən ən qısa zamanda qalan borcunu ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə borcunu tam şəkildə ödəmədiyi halda borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 3.500 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. İşdə olan “Tələbin könüllü icrası haqqında bildiriş”dən görünür ki, icra orqanı borcludan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəməyi tələb etmiş, borclu xx.xx.2023-cü il tarixdə imza etməklə bildirişi almışdır. İşdə olan şəxsin məlumat kartoçkasından görünür ki, Şəxs "xxxx" MMC-də sürücü işləyir və 405 manat əmək haqqı alır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. “Tələbin könüllü icrası haqqında bildiriş” isə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bundan başqa icra məmuru borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olub-olmaması və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi istiqamətində hər hansı hərəkətlər etməmiş, yəni icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmiş və birbaşa borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan və rəsmi iş yeri olmasına baxmayaraq, tələbi borclunun əmək haqqına yönəltmədən Şəxs barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borcundan 850 manat ödəniş etmişdir. Həmçinin, icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu göndərilməmiş, “Tələbin könüllü icrası haqqında bildiriş”i də xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev İş № 3(076)-1398/2023 QƏRARDAD (inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında) ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 04 noyabr 2023-cü il Şəmkir şəhəri Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev X3 Rayon Məhkəməsinin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-978/2017 saylı icra sənədi üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası 04 noyabr 2023-cü il tarixə saat 12:25-ə təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu və 111-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına 04 noyabr 2023-cü il tarixə saat 12:25-ə təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs, tələbkarın nümayəndəsinin və inzibati protokol tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakları təmin edilsin. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar