Məhkəmə qərarları › İş №3(076)-141/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-141/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-141/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Ağdam kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 izahatında göstərdi ki, YPX əməkdaşları xx.xx.2024-cü il tarixdə Şəxs avtomobil idarə edərkən saxlatmışlardır. Bu zaman o polisin iş prinsiplərini pozaraq onların qanuni tələblərinə məhəl qoymamışdır. Daha sonra o məcburi şəkildə Şəmkir RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o qeyd olunan əməl üzrə özünü təsirli bilir. O Tovuzdan Gəncə istiqamətində hərəkətdə olarkən Dəllər-Cəyir kəndində İX Tağım Baş Yol Patrul Xidməti inspektoru onu saxlamışlar və ondan içkili olub-olmamasını soruşmuşlar. O içkili olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onun avtomobilinin işıqlarının qanunvericiliklə düzgün olmaması və avtomobilin duracağa qoyulmasını, oradan qeyd edilən nöqsanın aradan qaldırmalı olduğunu bildirmişlər. O onlara işıqları həmin yerdə sökməyini, avtomobili 5-6 ay əvvəl bu şəkildə aldığını bildirib avtomobili duracağa qoyulmasına etiraz etdi. Bundan sonra 102 və 161 saylı nömrəyə kömək üçün maşınını duracağa qoyulmaması üçün zəng vurmuşdur. Bundan sonra polis əməkdaşaları onu və avtomobilini polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır, cərimə ödəməyə razıdır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxışında, Şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BDYPİ-nin YPX Alayının İX X8 Xidməti polis baş serjantı Şahid ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi avtomobilin konusturuksiyasına uyğun olmayan led işıqlar quraşdıraraq idarə etdiyi üçün tərəflərindən Şəmkir rayonu ərazisində saxlanılmış və ona etdiyi qayda pozuntuları, avtomobilinə quraşdırılmış əlavə avadanlıqlar aradan qaldırıldıqdan sonra idarə edəbiləcəyi və bunun üçün avtomobili duracağa qoyulmalı olması izah edilmişdir. Lakin sürücü Şəxs onlara avtomobilin matorunun nömrəsiz olduğunu və avtomobilin bu günədək belə sürdüyünü və belə satın almasını bildirmişdir. Onlar ona təkrar qayda pozuntularını izah etmişlər və avtomobili duracağa təmin etməli olduğunu qayda pozuntuları aradan qaldırıldıqdan sonra barəsində protokol tərtib edilib yoluna davam edə biləcəyini bildirmişlər. Lakin sürücü Şəxs buna razılaşmamış və onlara tabesizlik göstərib aradan qaldırmayacağını, duracağa getməyəcəyini bildirib müxtəlif qaynar xəttlərə zəng vurub onlara qarşı kobudluq etmişdir. Onlar bundan sonra evakuator çağırmışlar və məcburi şəkildə avtomobili duracağa təmin etmişlər, sürücünü isə məcburu şəkildə polis şöbəsinə gətirmişlər. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı 3 saat vaxt sərf etdiyindən dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 12:40-dan hesablansın. Şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi Vəkil ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X3 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar