Məhkəmə qərarları › İş №3(076)-1435/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1435/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1435/2023 30.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 19 oktyabr 2023–cü il tarixdə saat 18:29 radələrində idarə etdiyi Kia Ceed markalı 57–CB–829 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru onun avtomobilini saxlatmış və sərnişin daşıma qaydalarının pozulmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, 19 oktyabr 2023–cü il tarixdə onun idarə etdiyi avtomobilin qabaq ön oturacağında xx.xx.2011–ci il təvəllüdlü qardaşı oğlu Rəvan Tağıyev oturmuş, sonuncunun 12 yaşı artıq tamam olmasına baxmayaraq, polis əməkdaşı əsassız şəkildə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən minik avtomobilinin qabaq oturacağında 12 yaşınadək uşaqların daşınması qadağan edilmişdir. Hesab edir ki, o, sərnişin daşıma qaydalarını pozmadığı, yəni avtomobilin qabaq ön oturacağında oturan şəxsin 12 yaşı tamam olduğu halda barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Barəsində qərar çıxarılmış X5 məhkəmə iclası zamanı sualları cavablandırarkən, minik avtomobilinin qabaq oturacağında 12 yaşınadək deyil, 14 yaşınadək uşaqların daşınmasının qadağan olunmasını hesab etmiş, lakin sonradan qanunvericilikdə nəzərdə tutulmuş tələblərlə tanış olmuş və əslində minik avtomobilinin qabaq oturacağında 12 yaşınadək uşaqların daşınmasının qadağan olunmasını bilmişdir. Məhz bu səbəbdən də polis əməkdaşı onu saxlayan zaman öz etirazını bildirməmişdir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru X4 göstərdi ki, 19 oktyabr 2023–cü il tarixdə saat 18:29 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində xidmətdə olarkən həmin küçə ilə hərəkət edən Kia Ceed markalı 57–CB–829 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön oturacağında azyaşlı uşağın oturmasını müəyyən etmiş, bu səbəbdən avtomobili saxlatmışdır. Həmin vaxt avtomobilin sürücüsü X5 avtomobildən düşərək ona yaxınlaşmış, o isə sürücüyə sərnişin daşıma qaydalarını pozmasını və qanunsuz olaraq azyaşlı uşağı avtomobilin qabaq ön oturacağında daşımasını bildirmişdir. Həmin vaxt sürücü Elşad Tağıyev ona heç bir etiraz etməmiş və uşağın yaşını bildirməmişdir. O isə uşağın dəqiq yaşını müəyyən edə bilməmiş, sürücü isə pozuntu törətməsini qəbul etdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda isə müəyyən edilir ki, həmin vaxt avtomobilin qabaq ön oturacağında oturan uşaq xx.xx.2011– ci il təvəllüdlü olmaqla, 12 yaşını keçmişdir. Odur ki, şikayət üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, də Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 19 oktyabr 2023–cü il tarixdə saat 18:29 radələrində idarə etdiyi Kia Ceed markalı 57–CB–829 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən sərnişin daşıma qaydalarını pozmuş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. İşdə olan CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X5 19 oktyabr 2023–cü il tarixdə saat 18:29 radələrində idarə etdiyi Kia Ceed markalı 57–CB– 829 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış və sürücü özü avtomobildən düşərək poliz əməkdaşına yaxınlaşmışdır. Həmin vaxt avtomobildə qabaq ön oturacaqda oturan uşağın yaşı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamış, əksinə işdə iştirak edən şəxslərin izahatları və işdə olan CD disklə müəyyən edilmişdir ki, X5 19 oktyabr 2023–cü il tarixdə saat 18:29 radələrində idarə etdiyi Kia Ceed markalı 57–CB–829 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən avtomobildə qabaq ön oturacaqda oturan uşaq xx.xx.2011–ci il təvəllüdlü olmaqla, 12 yaşını keçmişdir. Bu isə onu deməyə əsas verir ki, X5 tərəfindən sərnişin daşıma qaydalarının pozulması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə–səksən manat məbləğində cərimə edilir. “X8” Azərbaycan Respublikası Qanununun 56–cı maddəsinin 9–cu bəndinin 2–ci hissəsinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteriskasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktiki kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitlərinə daşımaq qadağandır. Hazırki vəziyyətdə isə X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar