Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1437/2023 21.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Kılıç (Aslanova) Nigar Rəfayıl qızının iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Kılıç (Aslanova) Nigar Rəfayıl qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kılıç (Aslanova) Nigar Rəfayıl qızı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-278/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 2.388 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Kılıç (Aslanova) Nigar Rəfayıl qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızından 4.750 manat məbləğində pulun və 68 manat dövlət rüsumunun alınıb tələbkar X3 ödənilməsi qət edilmişdir. Lakin Kılıç (Aslanova) Nigar Rəfayıl qızına dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Kılıç (Aslanova) Nigar Rəfayıl qızının cəmi 2.388 manat borcu vardır. Kılıç (Aslanova) Nigar Rəfayıl qızı icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Həmçinin, icra məmuru sualları cavablandırarkən bildirdi ki, borclu 2023-cü ilin yanvar, fevral, mart, may aylarında hissə-hissə ödənişlər etmiş, sonuncu dəfə 2023-cü ilin avqust ayında 1.000 manat pul gətirsə də, tələbkar pulu götürməkdən imtina etmişdir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, borclu ona olan borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Hazırda Kılıç (Aslanova) Nigar Rəfayıl qızından şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızı izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 4.750 manat məbləğində pulun və 68 manat dövlət rüsumunun alınıb tələbkar X3 ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu birdəfəyə ödəyə bilməmişdir. Bununla belə 2023-cü ilin yanvar ayında 150 manat, fevral ayında 380 manat, mart ayında 180 manat, may ayında 200 manat ödəmişdir. 2023-cü ilin avqust ayında isə başqa şəxsdən borc alaraq 1.000 manat pul ödəmək istəmiş, lakin tələbkar pulu götürməkdən imtina etmişdir. Bununla belə borcunu qısa zamanda ödəməyi öhdəsinə götürür. Belə ki, borcunu növbəti aylarda hər ay 200 manat ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızından 4.750 manat məbləğində pulun və 68 manat dövlət rüsumunun alınıb tələbkar X3 ödənilməsi ödənilməsi qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızının icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcundan 2023-cü ilin yanvar ayında 150 manat, fevral ayında 380 manat, mart ayında 180 manat, may ayında 200 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, borclu 2023-cü ilin avqust ayında başqa şəxsdən borc alaraq 1.000 manat pul ödəmək istəmiş, lakin tələbkar pulu götürməkdən imtina etmişdir. Bu isə ona dəlalət edir ki, borclunun borcunu ödəməməsi onun maddi imkanının olmaması ilə bağlı olmuş, bununla belə, Kılıç (Aslanova) Nigar Rəfayıl qızı borcundan hissə-hissə ödənişlər etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızının əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızının əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Kılıç (Aslanova) Nigar Rəfayıl qızının barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Kılıç (Aslanova) Nigar Rəfayıl qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1437/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1437/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver