Məhkəmə qərarları › İş №3(076)-1462/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1462/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1462/2023 05.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13845/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 fevral 2006-cı il təvəllüdlü X3 və 14 aprel 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Lakin borclu öhdəliyini yerinə yetirməmiş, icra sənədinin icrasından borclu yayınmışdır. Tələbkar onlarla telefonla danışdığını zaman borclunun ona 4000 manat borcu olduğunu bildirmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Onlar tərəfindən borc məbləği tələbkarın sözlərinə əsasən müyyən edilmiş, heç sübutu araşdırmamışlar. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahatında bildirdi ki, o alimentin öhdəliyindən hər ay 300 manat ödəniş etmişdir. Tələbkar düzgün məlumat verməmiş, onun borc məbləği barədə heç bir araşdırma aparılmamış və borc məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. X1 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etmədiyindən inzibati iş üzrə onun münasibətini öyrənmək mümkün olmamışdır. Belə ki, icra sənədi üzrə borc məbləğini təsdiq edən heç bir sübut əlavə edilmədən inzibati protokol məhkəməyə təqdim edilmiş və inzibati işə baxılarkən hazırda borc məbləğinin neçə manat təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və məhkəmə iclasında aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar