Məhkəmə qərarları › İş №3(076)-1508/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1508/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1508/2025 05.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: X2 oğlunun sədrliyi Katib: Rzazadə Leyla Elçin qızının katibliyi ilə xx.xx.1990-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, DƏDRX-in Şəmkir rayonu 11 saylı ərazi idarəsində mühəndis vəzifəsində işləyən, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 19 noyabr 2025-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi “Mercedes-Benz C 200” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 392-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq «VAZ 2107» markalı ** CM *** dövlət qeydiyyat nişanlı X1 idarə etdiyi avtomaşınla toqquşmuş nəticədə sonuncu avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibai xətanı törətmişdir. Şəxs əməli onun izahatı və İş materiallarında olan sənədlərlə tam təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs, barəsində icraat aparılan Şəxs və protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatı, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan 19 noyabr 2025-ci il tarixli, Yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, inzibati xətanın izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, inzibati xətanın törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və hadisə yeri sxemdə ətraflı təsvir edilməklə müvafiq qeydlər aparılmışdır. Həmçinin, müstəntiq tərəfindən tərtib edilmiş sxemdən görünür ki, Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun 392-ci kilometrliyində baş verən hadisə zamanı nəqliyyat vasitələrinin hərəkət istiqaməti, toqquşma yeri, nəqliyyat vasitəsinin beton səddə dəydiyi yer sxemdə aydın şəkildə əks olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1095saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sol yarsının və sol gözaltı nahiyənin hematomları KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsrətlər aşkar edilmişdir. İş materiallarında olan 12 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və onun «VAZ 2107» markalı ** CM *** dövlət qeydiyyat nişanlı X1 idarə etdiyi avtomaşınla toqquşmuş nəticədə sonuncu avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməklə inzibati xəta hadisəsi törətməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar