Məhkəmə qərarları › İş №3(076)-153/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-153/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-153/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi ilə, Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonu, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyada olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. İcra sənədi 06 yanvar 2025-ci il tarixdə icraata qəbul edilmiş və şəxsə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Buna baxmayaraq müvafiq inzibati tənbeh qərarını şəxs qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir.İcranı yönəldə biləcək heç bir əmlakı yoxdur. Göstərilən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, həqiqətən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. o diş həkimi kimi fəaliyyət göstərir və bununla əlaqədar əsassız olaraq cərimə edilmişdir. Cəriməni ödəyə bilmir, odur ki, tənbehin dəyişdirilməsinə etirazı yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Müvafiq orqanın iznibati tənbeh vermə haqqında qərarı məcburi icraya yönəldilmiş və xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hazırda vergi ödəyicilərinin vahid qeydiyyat sistemində aktiv (VÖEN) ********** saylı identifikasıya nömrəsi ilə qeydiyyatdadır və fəaliyyət istiqaməti 96090 ( digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi) kodu ilə müəyyən olunur. Həmçinin göstərilən fəaliyyətlə əlaqədar vergi ödəyicisi Şəxs "xxxx" QSC-nin Şəmkir filialında hesabı mövcudur. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs aktiv statusda olan ********** nömrəli VÖEN hesabı ilə, aylıq gəliri 300 manat olmaqla, Şəmkir Rayon Təsərrüfat Hesablı Polikilinikada stomotoloq vəzifəsindədir. İş materiallarında olan, Şəxs Şəmkir Rayon İcra və Probasiya şöbəsinə vermiş olduğu xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, şəxs diş həkimi kimi fəaliyyət göstərməsini və aylıq 300 manat gəlirinin olmasını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Şəxs öz ərizəsi ilə Şəmkir Rayon Təsərrüfat Hesablı Polikilinikada stomotoloq vəzifəsindən azad edilmişdir. Lakin, icra məmuru tərəfindən qeyd edilən hallar araşdırılmamış, tələbin qeyd edilən əmlaklar və gəlirlər hesabına ödənilməsi istiqamətində tədbirlər həyata keçirilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Lakin, hazırki inzibati icraat üzrə borclu Şəxs VÖEN əsasında fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. İşin faktiki halları ilə əlaqəli müqayisəsindən görünür ki, Şəxs barəsində olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı xx.xx.2025-ci il tarixdə məcburi icraya yönəldilmiş, lakin, qanunvericilik həmin andan 2 ay müddətində qərarın icra edilməməsi halında İXM-nin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilməsini nəzərdə tutsa da, Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 2 ay müddət gözlənilmədən, zəruri icra hərəkətləri yerinə yetirilmədən, borclunun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi olması halını nəzərə almadan İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə mövcud protokol tərtib edilmişdir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 139-cu maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Məhz qərarların effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunması təmin edilir. Bu mövqedən çıxış edərək qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə inzibati xətalar haqqında işlər üzrə qanuni qüvvəyə minmiş qərarların icrası mərhələsində həmin qərarın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati tənbeh tədbirinin (ictimai işlərin) tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı məsələlərə gəldikdə o da nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin qərarın icrasının müəyyən edilmiş müddətdə həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda və ya şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati xətalar qanunvericiliyi həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında qərarın icrasının təxirə salınması və ya ona möhlət verilməsi barədə qərardadın qəbul edilməsinin mümkünlüyünü müəyyən etməklə, inzibati cərimənin müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməsi üçün müxtəlif hüquqi imkanlar nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsi) ( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.) “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq isə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun bilavasitə vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq isə icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunla müəyyən olunmuş icra müddətlərinin əhəmiyyəti nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Sadalanan maddələrdən göründüyü kimi, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən əsassız olaraq 2 ay müddət gözlənilmədən, borclunun əmlak vəziyyəti tam araşdırılmadan, tələbin qeyd edilən əmlaklar və gəlirlər hesabına ödənilməsi istiqamətində tədbirlər həyata keçirilmədən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinin tələblərinə uyğun olaraq cərimənin ödənilməsi istiqamətində məcburi icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 130 və 150-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının icrası istiqamətində məcburi icra tədbirləri davam etdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar