Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-16/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 482.2 və 485.1–ci maddələri ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokola görə "xxxx" MMC tərəfindən avtomobilin yük yerində olan yüklərin 529262 saylı CMR-də, xx.xx.2024-cü il tarixli, 02 nömrəli invoysda və xx.xx.2024-cü iı tarixli, **********6562 nömrəli qısa idxal bəyannaməsində çəkisi 19479 kq “badımcan”, 1384 kq “xiyar” yükləri qeyd edilsə də, avtomobilin yük yerində olan yüklərin faktiki olaraq 18484 kq “xiyar”, 1324.80 kq “badımcan” yükündən ibarət olduğu, “badımcan” və “xiyar” yüklərinin düzgün bəyan olunmamasında məqsədinin gömrük ödənişlərinin müəyyən hissəsindən yayınmaq olması müəyyən edilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixli, ******* saylı protokola görə "xxxx" MMC tərəfindən 92AD461/99AG140 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “xiyar və badımcan” yüklərinə dair təqdim olunan **********6562 sorğu nömrəli qısa idxal bəyannaməsində badımcan yükünün çəkisi 17577 kq, xiyar yükünün çəkisi isə 1287 kq göstərilsədə, **********4748 sorğu nömrəli gömrük bəyannaməsində “badımcan” yükü 1249 kq, “xiyar” yükünün çəkisi isə 18125 kq göstərilmişdir. Göstərilənlərə əsasən gömrük bəyannaməsi və qısa idxal bəyannaməsində uyğunsuzluq yaranmışdır. Bu hərəkətləri ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 482.2 və 485.1–ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin və "xxxx" MMC nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları "xxxx" MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli yükə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli, 02 nömrəli invoysda və xx.xx.2024-cü iı tarixli, **********6562 nömrəli qısa idxal bəyannaməsində qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Bu zaman məlum olmuşdur ki, 1384 kq “badımcan”, 19479 kq “xiyar” yükündən ibarət olduğun müəyyən edilmişdir. Baxış keçirildikdə bəyan olunan mallar müşaiət edici sənədlərlə uyğunluq təşkil etmədiyi müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC-nin direktorunun izahatdan görünür ki, inzibati araşdırma zamanı əməlini etiraf etmiş və qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 485.1–ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2–ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. X1 Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 485.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh almalıdır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 485.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 18008.72 (on səkkiz min səkkiz manat yetmiş iki qəpik) manat malın dəyərinin 30 % miqdarında, yəni 5403 (beş min dörd yüz üç) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-16/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-16/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver