Məhkəmə qərarları › İş №3(076)-160/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-160/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-160/2025 04.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəxs QSC-nin Azərbaycan Respublikası İXM–nin 347–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmədə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 347–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs QSC mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nə və Şəmkir Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Şəxs QSC-nin və Şəmkir Rayon Polis Şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347–ci maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 347–ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi nəticəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati işdə isə polis şöbəsi tərəfindən nəqliyyat vasitəsi, habelə sürücü barəsində məlumatların əldə edilməsinə dair Şəxs QSC-nə sorğu göndərilməsi müəyyən edilməmişdir. Belə ki, iş materiallarına buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, Şəxs QSC-nə məlumatların əldə edilməsinə dair sorğu göndərilməmiş, dolayısı ilə Şəxs QSC tərəfindən nəqliyyat vasitəsi, habelə sürücü haqqında məlumatların səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Göründüyü kimi Şəxs QSC-nin balansında olan nəqliyyat vasitəsi və sürücü haqqında məlumatların Şəmkir RPŞ–nin DYPB–nə təqdim edilməsinə dair Şəxs QSCnə sorğu göndərilməsi müəyyən edilmir. Belə olan halda Şəxs QSC tərəfindən hər hansı inzibati xətanın törədilməsi halı istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM–in 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1–ci maddsəsinə görə bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarlır. Belə olan halda məhkəmə tərəfindən müəyyən edilənlərə və qanunvericiliyin normalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347–ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin maddə ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar