Məhkəmə qərarları › İş №3(076)-17/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-17/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-17/2024 15.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X2, onun müdafiəçisi Vəkil Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri X8 iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X3 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi onun barəsində 28 noyabr 2023–cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında qəbul edilmiş 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda həmin protokolu və qərarı qəbul etmir. Belə ki, xx.xx.2000–ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti ilə arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində xırdabuynuzlu heyvanların saxlanması üçün 99 il müddətinə 382 ha örüş torpaq sahəsi onun icarəsinə verilmişdir. Bununla bağlı adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” da almışdır. Eyni zamanda həmin torpaq sahəsində ferma və çoban olacağı tikmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ona razılıq verilmiş və sxematik plan ölçü sənədləri təqdim edilmişdir. Bundan sonra icarəsində olan torpaq sahəsində heyvanları saxlamaq üçün ferma və çoban olacağı inşa etdirmiş və həmin tikilinin inşasına 25.000 manat vəsait xərcləmişdir. Lakin həmin tikili Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq uçurulmuş, daha sonra isə ona barəsində tərtib edilmiş inzibati xəta haqqında potokol və inzibati cərimə edilməsinə dair qərar göndərilmişdir. Halbuki, icarəsində olan torpaq sahəsində ferma və çoban olacağı inşa etdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ona rəsmi icazə verilmişdir. Belə bir icazəsi olduğu halda həmin tikilinin Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini qanunsuz və əsassız hesab edir. Həmçinin, qeyd edir ki, qeyd olunan tikilinin ölçüləri qanunla nəzərdə tutulmuş ölçülər daxilindədir və belə vəziyyətdə həmin tikilinin inşasına ümumiyyətlə icazə tələb olunmur. Belə ki, həmin tikilinin uzunluğu 15 metr, eni 7 metr, hündürlüyü isə 3 metrdən biraz hündür olmuş, həmin tikili ferma və çoban olacağı üçün nəzərdə tutulmuşdur. Həmçinin. ona məxsus tikili sökülərkən ona məlumat verilməmiş, onun xəbəri olmadan söküntü işləri aparılmış və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən qərəzli olaraq inzibati cərimə edilmişdir. Odur ki, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri X11 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, həqiqətən xx.xx.2000–ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti ilə X3 arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin 382.0 ha hissəsi Suliddin Abdullayevin icarəsinə verilmişdir. Lakin Şəmkir rayonu ərazisində qanunsuz tikintilərlə bağlı keçirilən reyd zamanı həmin torpaq sahəsində X3 tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparıldığı müəyyən edilmiş və dərhal Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilmiş və tikintinin sökülməsi xahiş edilmişdir. Həmçinin, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsinin tərkibi olduğundan barəsində 28 noyabr 2023–cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda şikayət ərizəsində göstərilən dəlilləri qəbul etmir. Belə ki, aşkar olunmuş tikintinin kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilməsi, hündürlüyünün 4 metr, sahəsinin isə 110 kv.m olması aşkar edilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1–ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Suliddin Abdullayev tərəfindən inşa edilmiş tikilinin sahəsi isə 110 kv.m olmaqla, təyinatına uyğun olmayan əsaslı tikili olmuşdur. Bundan başqa qeyd edir ki, Suliddin Abdullayev həmin torpaq sahəsində ferma və çoban olacağı tikmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ona sxematik plan ölçü sənədləri verilməsini göstərsə də, həmin halı qəbul etmir. İlk öncə qeyd edir ki, adıçəkilən sxematik plan sabiq memar Ramiz Rəhimov tərəfindən verilmiş və sonuncu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018–ci il tarixli əmri ilə işdən azad edilmişdir. Bununla da müəyyən edilir ki, həmin sxematik plan Suliddin Abdullayevə azı 5–6 il əvvəl verilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1–ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Bu isə onu deməyə əsas verir ki, Suliddin Abdullayevə icazə verilmiş olsaydı belə, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən artıq həmin icazə qüvvəsini itirmiş hesab olunur. Bundan başqa qeyd etməyi zəruri hesab edir ki, Suliddin Abdullayevə verilmiş sxematik plan əsasında inşa edilmiş tikili tamamilə başqa tikilidir və həmin tikili də Suliddin Abdullayev tərəfindən inşa edilərək başqa şəxsə verilmişdir. Eyni zamanda qeyd etdiyi kimi, hər hansı tikili olsa belə, icazənin verildiyi vaxtdan 3 il müddət keçdiyinə görə tikintiyə icazə qüvvəsini itirmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə tikinti üçün Şəmkir Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət edilməli və icazə alınmalıdır. Bununla da, Suliddin Abdullayev tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhz bu səbəbdən də X2 barəsində inzibati xəta haqqında protokol və qərar tərtib edilmişdir. Ona görə də Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X2 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri X8 vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir. xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu ərazisində qanunsuz tikintilərlə bağlı keçirilən reyd zamanı Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin X2 icarəsinə verilmiş 382.0 ha hissəsində sonuncu tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparıldığı müəyyən edilmiş və bu barədə Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Suliddin Abdullayev icarəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri aparmış, hündürlüyü 4 metr, sahəsi isə 110 kv.m olan tikili inşa etdirmişdir. Qanunvericiliyin tələblərinə əsasən kənd təsərrüfat təyinatlı torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmasına icazə verilmədiyi halda Suliddin Abdullayev tərəfindən həmin əsaslı tikinti işləri aparılmış, bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol və qərar tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin çıxışını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2000–ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində xırdabuynuzlu heyvanların saxlanması üçün 382 ha örüş torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən X2 icarəsinə verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin 382 ha hissəsi X2 icarəsinə verilmişdir. İşdə olan 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışdır. İşdə olan 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan və 28 noyabr 2023–cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, X3 tərəfindən icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində hündürülüyü 4 metr, sahəsi 110 kv.m olan qeyri– qanuni tikinti aşkar edilmişdir. İşdə olan və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2023–cü il tarixli məktubdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində X3 tərəfindən qeyri–qanuni tikinti işlərinin aparıldığı aşkarlanmış və həmin tikilinin sökülməsi xahiş edilmişdir. İşdə olan və Şəmkir Rayon İcra Hakimiyyəti aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri R.Rəhimov tərəfindən verilmiş sxematik plandan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin X2 istifadəsində olan 382 ha torpaq sahəsində yeni tikili, ferma və çoban olacağı inşasına razılıq verilmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018–ci il tarixli əmrindən çıxarışdan görünür ki, X7 yaş həddinə çatdığına görə Şəmkir Rayon İcra Hakimiyyəti aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsindən azad edilmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018–ci il tarixli əmrindən çıxarışdan görünür ki, X4 Rayon İcra Hakimiyyəti aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri–baş memar vəzifəsinə təyin edilmişdir. İşdə olan “Google Earth” saytından çıxarılmış xəritə sxemdən görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin X2 istifadəsində olan 382 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz tikili inşa edilmişdir. İşdə olan və xx.xx.2023–cü il tarixdə saat 10:52–də çəkilmiş fotoşəkildən görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin 382 ha örüş torpaq sahəsində X3 tərəfindən əsaslı tikinti işləri aparılmaqla tikili inşa edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2000–ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti ilə X3 arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsinin 382.0 ha hissəsi Suliddin Abdullayevin icarəsinə verilmiş, bununla bağlı sonuncunun adına Çıxarış tərtib edilmişdir. X13 müvafiq icra hakimiyyəti orqanının icazəsini almadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan, lakin belə icazəsi olmadan hündürülüyü 4 metr, sahəsi 110 kv.m olan tikinti obyektini inşa etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.4–cü maddəsinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16–cı maddəsinə əsasən müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilini özündə ehtiva edir. Həmin Məcəllənin 74.1–ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1–ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Qanunun yuxarıda qeyd olunan tələblərindən görünür ki, yay və qış otlaqlarında əsaslı tikintilər istisna olmaqla, tələbata uyğun olaraq yüngül inşaat konstruksiyalı tikilinin inşası nəzərdə tutulmuş, həmçinin icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan tikinti obyektlərinin tikintisinə icazə tələb olunmaması müəyyən edilmişdir. Buna baxmayaraq, mübahisəli ərazidə Suliddin Abdullayev tərəfindən qanunvericiliyə uyğun olmayan əsaslı tikinti işləri aparılmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Suliddin Abdullayev ona sxematik plan verilməklə, tikilinin inşasına icazə verilməsini iddia etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qeyd olunan sxematik plan sabiq memar Ramiz Rəhimov tərəfindən verilmiş, lakin sonuncu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018–ci il tarixli əmri ilə işdən azad edilmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin icazənin verilməsindən artıq 5 ildən çox müddət keçmiş, bununla da, həmin icazə qüvvəsini itirmişdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1–ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə–fiziki şəxslər səkkiz yüz manatdan min yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Suliddin Abdullayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bundan sonra Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən haqlı olaraq X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Şəmkir Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Şəmkir Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayəti təmin edilməsin. Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 28 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar