Məhkəmə qərarları › İş №3(076)-175/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-175/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-175/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi: X1 iştirakı ilə Şəxs MMC–nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 233.1–ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC–nin barəsində Azərbaycan Respublikası İXM–nin 266.2 və 233.1–ci maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 12–14 fevral 2025–ci il tarixlərdə Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən Şəxs MMC–də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlama keçirilmiş, müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ətraf mühitə yol verilən normativlərdən artıq tullantılar atılmış, eləcə də, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normaları və qaydaları pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM–in 266.2 və 233.1–ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi X2 izahatında göstərdi ki, çoxsaylı vətəndaşların şikayəti əsasında Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən Şəxs MMC–də araşdırma aparılmış və sözügedən müəssisədə quşçuluq fabrikinin fəaliyyət göstərməsi məlum olmuşdur. Eləcə də, atmosfer havasına atılan zərərli qaz qarşığının norma daxilində olub–olmamasını müəyyən etmək üçün xx.xx.2025–ci il tarixdə SKY 2000–B4 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticədə müəssisənin qarşısında amonyak 0,5 mq/m3 qalaqlandığı, ərazidə isə 0,6 mq/m3 təşkil etməsi, bunun da ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Eləcə də, xx.xx.2025–ci il tarixdə BTQDR850 səyyar cihaz vasitəsi ilə ölçmə işləri aparılmış, nəticədə ammonyak qazının miqdarı 0,02 mq/m3 olmalı halda, normadan artıq, yəni NH3– 0,326 mq/m3 təşkil etmişdir. Bundan sonra 12–14 fevral 2025–ci il tarixlərdə plandakənar yoxlamanın aparılması haqqında qərar qəbul edilmiş, xx.xx.2025–ci il tarixdə Şəxs MMC– də olmuşlar. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin əməkdaşları ilə birlikdə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC sözügedən ərazidə quşçuluq fəaliyyəti ilə məşğul olur, müəssisənin daxilində 9 ədəd quş hini, inkubator istehsalı sexi, laboratoriya, yeməkxana və digər texniki otaqlar mövcuddur. Həmçinin, monitorinq zamanı tullantıların kiçik həcmli dəmir çənlərdə toplanaraq yandırıldığı, təhlükəli tullantı hesab olunan avtomobillərə məxsus şinlərin, işıq lampalarının, əlcək və digər vasitələrin, o cümlədən çirkli tullantıların, çirkab sularının pərakəndə halda ətrafa atıldığı, zərərli qaz qarışıqlarının isə havaya atıldığı müəyyən edilmişdir. Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının normativlərinin müəyyən edilməsi üçün ölçmə işləri aparılmış və həmin tullantıların normativlərdən artıq tullantılar olması müəyyən edilmişdir. Eləcə də, araşdırma zamanı müəssisə tərəfindən məişət tullantılarının uçotunun aparılmaması müəyyən edilmiş və “Məişət tullantılarının uçotu kitabı” təqdim edilməmişdir. Beləliklə də, monitorin zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ətraf mühitə yol verilən normativlərdən artıq tullantılar atmış, eləcə də, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarını və qaydalarını pozmuşdur. Həmçinin, bu hal ətrafda yaşayan sakinlərin dəfələrlə haqlı narazılıqlarına və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmələrinə səbəb olmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 233.1–ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdən cəmiyyətin barəsində xx.xx.2025–ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişlər. Hazırda protokolun dəlillərini müdafiə edir və Şəxs MMC–nin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC–yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC– nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun müdiridir. İdarəyə Şəxs MMC–nin ətraf mühitə yol verilən normativlərdən artıq tullantılar atması ilə bağlı çoxsaylı şikayətlər daxil olmuş, bu səbəbdən 12–14 fevral 2025– ci il tarixlərdə plandakənar yoxlamanın aparılması haqqında qərar qəbul edilmiş, bundan sonra xx.xx.2025–ci il tarixdə Şəxs MMC–də olmuşlar. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin əməkdaşları ilə birlikdə aparılmış monitorinq zamanı həqiqətən cəmiyyət tərəfindən çirkli və zərərli tullantıların ətrafa atılması, tullantılar yığılan çirkli yeşiklərin və digər əşyaların fabrikin yaxınlığından keçən ümumi istifadədə olan su kanalında yuyulması, nəticədə ətrafa və yaxın kəndlərə kəskin ifunət qoxusunun yayılması, bununla da antisanitar vəziyyətin yaranması müəyyən edilmişdir. Bu hal ətrafda yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olmuş və kütləvi şəkildə şikayətlər edilmişdir. Həmçinin, qeyd edir ki, zərərli qaz qarışıqlarının normativlərinin müəyyən edilməsi üçün ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, 2025–ci il 12 fevral tarixinə ammonyak qazının miqdarı 0,02 mq/m3 olmalı halda, normadan artıq, yəni NH3–0,326 mq/m3 təşkil etmişdir. Bütün bu hallar nəticəsində isə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 233.1–ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdən cəmiyyətin barəsində xx.xx.2025–ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəxs MMC–nin qanunsuz əməlləri nəticəsində yaşayış yerində dayanmaq mümkün deyildir. Kəskin ifunət iyi ətrafa, zərərli qaz qarışıqları isə havaya atılır. Dəfələrlə müəssisənin rəhbərinə müraciət edilsə də, həmin hal aradan qaldırılmamışdır. Yaranmış antisanitar vəziyyət sakinlərin sağlamlığı, eləcə də ekologiya üçün ciddi təhlükə mənbəyidir. Hesab edir ki, ətraf mühitin qorunması, eləcə də ətrafda yaşayan sakinlrin sağlamlığı üçün yaranmış antisanitar vəziyyət aradan qaldırılmalıdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəxs MMC–nin quşçuluq fabrikinin fəaliyyəti zamanı ətrafa atılmış tullantılar, quş peyini onlar üşün ciddi narahatçılıq yaratmış, bu səbəbdən dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişlər. Belə ki, Şəxs MMC–nin ətrafa atdığı tullantılar kəskin ifunət iyinin yaranmasına səbəb olur, həmin iy–qoxuya görə yaşayış sahəsində dayanmaq mümkünsüz hala gəlmişdir. Dəfələrlə müəssisənin rəhbərinə müraciət edilsə də, həmin hal aradan qaldırılmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Şəxs MMC–nin quşçuluq fabriki fəaliyyəti zamanı quş peynini və quş cəsədlərini ətrafa atır, peyinləri yandırır və ümumi istifadədə olan suya atılır. Həmin su isə əkin sahələrinə axıdılır ki, bu da kəskin iy–qoxunun yaranmasına səbəb olur. Bununla bağlı dəfələrlə şikayətlər etsələr də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, ELF Treding Group LTD” MMC tərəfindən ətrafa və havaya atılan zərərli tullantılar onların sağlamlığı üçün ciddi təhlükədir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı–ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatı, habelə tədqiq edilmiş digər sübutları Şəxs MMC–nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən Şəxs MMC–də xx.xx.2025–xx.xx.2025–ci il tarixdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2025–ci il tarixli, 88959 saylı aktdan görünür ki, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən Şəxs MMC tərəfindən ətraf mühitə yol verilən normativlərdən artıq tullantıların atılması, eləcə də, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması müəyyən edilmişdir. xx.xx.2025–ci il tarixdə səyyar cihaz vasitəsi ilə ölçmə işləri aparılmış, nəticədə müəssisənin qarşısında amonyak 0,5 mq/m3 qalaqlandığı, ərazidə isə 0,6 mq/m3 təşkil etməsi, bunun da ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Eləcə də, xx.xx.2025–ci il tarixdə səyyar cihaz vasitəsi ilə ölçmə işləri aparılmış, nəticədə ammonyak qazının miqdarı 0,02 mq/m3 olmalı halda, normadan artıq, yəni NH3–0,326 mq/m3 təşkil etmişdir. İşdə olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Şəxs MMC–də formalaşan bərk, məişət və istehsalat tullantılarının, eyni zamanda çirkab sularının yığılaraq daşınması ilə bağlı göstərilən şirkətlə birbaşa və ya hər hansı subpodratçı ilə müqavilə mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynaq xəttinə edilmiş müraciətlərdən görünür ki, xx.xx.2025–ci il tarixdə, xx.xx.2025–ci il tarixdə, xx.xx.2025–ci il tarixdə, xx.xx.2025–ci il tarixdə və xx.xx.2025–ci il tarixdə ayrı–ayrı şəxlər nazirliyin qaynar xəttinə zəng edərək quşçuluq fermasından gələn qoxudan, peyin iyindən narahat olduqlarını bildirmişlər. İşdə olan Şəmkir rayon İcra Hakimiyyətinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Şəmkir rayonunun bur qrup sakinləri Şəmkir rayon İcra Hakimiyyətinin inzibati binasının və Şəxs MMC–nin qarşısında toplaşaraq kütləvi şəkildə etiraz bildirmiş, quşçuluq fabrikindən çıxarılan tullantılar, ətrafa yayılmış pis qoxudan şikayət etmiş və tədbir görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilərək mövcud vəziyyət araşdırılmış və aktlaşdırılmışdır. Bundan sonra fabrikin rəhbəri Elxan Əliyevə rəsmi məktub ünvanlanaraq, ərazinin təmizlənməsi tələb edilmişdir. Bir müddət ekoloji sabitlik təmin edilsə də, yenidən ətrafa kəskin ifunət qoxusu yayılmışdır. İşdə olan Şəmkir rayon İcra Hakimiyyətinin xx.xx.2025–ci il tarixli məktubuna əlavə edilmiş fotoşəkillərdən və xx.xx.2025–ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən əraziyə tullantılar atılmış, bu tullnatılar kəskin iy–qoxunun yayılmasına və vətəndaşların haqlı narazılığıa səbəb olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəmkir Quşçuluq fabriki Elxan Əliyevə məxsusdur və hazırda icarədədir. Şəmkir Quşçuluq fabrikindən çıxan tullantılar kənd təsərrüfat təyinatlı torpaq sahələrinə daşınır, kəksin qoxuya malik peyin tullnatıları su axımı istiqamətində qazılmış çuxurlara yerləşdirilmiş və suvarma yolu ilə birlikdə torpaq sahələrinə axıdılır. Yaranmış kəskin qoxunun ekoloji qanunvericiliyin tələblərinə zidd olduğu aşkar edilmişdir. İşdə olan xx.xx.2025–ci il tarixli və xx.xx.2025–ci il tarixli məktublardan görünür ki, mübahisəli ərazidə monitorinqlər keçirilmiş və ətrafa normadan artıq tullnatılar atılması müəyyən edilmişdir. Məhkəmə ilk öncə şahid ifadələrinə qiymət verərək hesab edir ki, şahidlər baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, Şəxs MMC–nin ətraf mühitə atdığı tullantılar barədə dəfələrlə müvafiq qurumlara müraciət etmələrini, həmn atılmış tullantıların antisanitar vəziyyət yaratmasını aydın şəkildə göstərmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək, nəzərə alır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı–ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC–nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 233.1–ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Şəxs MMC həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33–cü maddələrinə əsasən Şəxs MMC–nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1–ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə– vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2–ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə– vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1–ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5–ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1–ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2–ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın Həmin Məcəllənin 21–ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs MMC–yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM–in 34.1–ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3–cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM–nin 266.2 və 233.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 11.000 (on bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar