Məhkəmə qərarları › İş №3(076)-192/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-192/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-192/2023 16.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanlrverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X1 və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Keçili kəndi qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 08 noyabr 2018-ci il tarixli qərarla icraata başlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2720/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs tələbkara bugünə olan borcu 14050 (on dörd min əlli) manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin sözügedən icra sənədi üzrə Şəxs AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya “tələbin könüllü icrası barədə” bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtlı-vaxtında ödəmir. Belə ki, hazırda tələbkara təşkil edən 14.050 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Tələbkar isə borcun ödənilməsini tələb edir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 03 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, aliment borcunu imkanı olmadığından ödəyə bilmir. Yeni iş yerinə girdiyini və hissə-hissə alimentindən ödəyə biləcəyini bildirdi. 2018-ci ildən bəri hissə-hissə aliment ödənişləri etdiyini və həbsxanadan yeni çıxdığını, xx.xx.2023-cü il tarixədək 500 manat aliment borcundan ödəniş edəcəyini bildirdi. O, borcunu ödəməkdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, uşaqlarını təkbaşına böyüdür, heç bir yerdə işləmir və onlara baxmağa çətinlik çəkir. Şəxs borcunu hissə-hissə ödəsəydi bəlkə də şikayətçi olmazdı. Odur ki, hər hansı məbləği ödəsə də razılaşardı. Hazırda Şəxs 500 manat ödəniş etmişdir. Buna görə də məhkəmə xx.xx.2023-cü il tarixdə təxirə salınmış və Şəxs aliment borcundan 500 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hazırda borclu Şəxs 500 manat aliment pulunu aldığını və Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2720/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2720/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2018-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2018-ci il tarixdə borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan xx.xx.2023-cü il tarixdə 500 manat aliment pulu tələbkara ödəmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar