Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-202/2024 04.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəmkir rayon, Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini icra edən Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Şəmkir rayon, Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini icra edən, məhkumluğu olmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1263/2023 saylı qətnaməsi ilə Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının Zərərçəkmiş şəxs barəsində olan 05.01,2023-cü il tarixli, 2 saylı əmri ləğv edilməsi, X1 rayonunun Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında dalandar vəzifəsinə işə bərpa edilməsi, X2 xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 50 manat medıasiya xərci cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasından alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Fərqanənin izahatı alınarkən o vəzifəsini icra etdiyini onu işə bərpanın mümkün olmadığını bildirmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o özünü təqsirli bilmir. O Şəmkir rayon Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsini müvəqqəti icra edir. Tələbin könüllü icrası barədə bildirişi almış və əvvəllər icra şöbəsində olmuşdur. Baxça müdiri tərəfindən texniki vəzifə tutan işçilərinin işə götürülməsi və azad edilməsinə dair əmr vermək səlahiyyətindədir. Bağçanın ərazisi az olduğu üçün dalandar vəzifəsi ixtisara düşərək ləğv edilib. Ondan asılı olmayan səbəblərdən tələbkarı işə bərpa edə bilmir. Həmçinin vakant iş yeri olmadığından tələbkarı oxşar işlə təmin edilməsi mümkün deyildir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o Şəmkir rayon Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasında 18 il dalandar vəzifəsində işləmişdir. Həmin baxçanın müdiri tərəfindən işdən azad edilmiş, daha sonra məhkəməyə müraciət etmiş, qətnamə ilə işə bərpa edilmişdir. Hazırda icra vərəqəsinin icra edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İşdə olan Şəmkir rayonu Könüllü Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasının elektron xəritədə 0.13 ha ərazisi mövcuddur. İşdə olan xx.xx.2014-cü il tarixli sərəncamın surətindən görünür ki, məktəbəqədər təhsil müəssisələrində 3500 kv.m-dən artıq süpürülən sahə olduqda 1 ştat dalandar vəzifəsi müəyyən edilməsi nəzərdə tutulur. İşdə olan Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçanın sahəsi sərəncamda göstərilən ərazi qədər sahəsi olmadığı üçün xx.xx.2023-cü il tarixdən dalandar dayandırılmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1263/2023 saylı qətnaməsi ilə Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının Zərərçəkmiş şəxs barəsində olan 05.01,2023-cü il tarixli, 2 saylı əmri ləğv edilməsi, X1 rayonunun Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında dalandar vəzifəsinə işə bərpa edilməsi, X2 xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 50 manat medıasiya xərci cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasından alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Borclu Şəmkir rayonunun Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə heç bir addım atmaması, işə baxılan zaman borclunun icra sənədinin icra edilməsinin mümkün olmamasını bildirməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə tələbkarı işə bərpa etmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəmkir rayon, Könüllü kənd 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini icra edən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, vəzifəli şəxs hesab edilməli olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1200 (bir min iki yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-202/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-202/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver