Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-21/2025 07.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Firuddin oğlunun iştirakları ilə xx.xx.2004-cü il tarixdə, Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Firuddin oğlunun Şəxs Firuddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Şəxs Firuddin oğlu 07 yanvar 2025-ci il tarixdə saat 16 radələrində Şəmkir şəhərində yerləşən “Bravo” supermarketin qarşısında qərəzli hərkətlər nümayiş etdirməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Firuddin oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs Firuddin oğlunun həmin inzibati xətanı törətməsi öz izahatı, şahid izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, X4 ifadəsində xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman, Şəmkir RPŞ-nin DYP-nin YPBX-nin əməkdaşları tərəfindən Şəxs Firuddin oğlunun Şəmkir şəhərində yerləşən “Bravo” supermarketin qarşısında polis əmkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə gətirilərək Şəmkir RPŞ-nin növbətçi hissəsinə təhvil verildiyini bildirmiş və məhkəmədən Şəxs Firuddin oğlunun barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Firuddin oğlu məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir şəhərində yerləşən “Bravo” supermarketin qarşısında olduğu zaman VAZ 21074 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayandırmışdır, bu zaman Şəmkir RPŞ-nin DYP-nin YPBX-nin əməkdaşları ona yaxınlaşaraq idarə etdiyti nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğunu bildirmişlər, həmçinin sürücülük hüququnun olub-olmamasını soruşmuşlar, və həmin nəqliyyat vasitəsinin duracağa yerləşdirilməli olduğunu qeyd etmişlər. Lakin, o, polis əməkdaşlarına etiraz etmişdir, belə ki, polislərə idarə etdiyi nəqliyyat vasitəsində heç bir konstruksiya dəyişikliyi olmadığını və avtomobilin duracağa yerləşdirməyə ehtiyac olmamasını bildirib həmin yerdən uzaqlaşmış və şəxsiyyəti barədə məlimatları polis əməkdaşlarına bildirməkdən imtina etmiş, avtomobilinin anasının adına olduğunu, anasının gəlməli olduğunu, bundan sonra onlarla gedə biləcəyini demişdir. Həmçinin polis əməkdaşları onu sərxoşluğun yoxlanılması üçün tibbi müayinəyə dəvət etmişlər, lakin o onlarla getməkdən imtina etmişdir. Əvvəllərdə polis əməkdaşları onun avtomobilinə saxla işarəsi vermişlər, lakin onun etibarnaməsi və sürücülük vəsiqəsi olmadığına görə, o dəfərlə polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, avtomobili dayandırmamışdır. Daha sonra bu hərəkətlərinə görə polis əməkdaşları onu məcburi qaydada Şəmkir RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər.Polis əməkdaşlarına tabesizlik göstərmək istəməmiş, sadəcə sənədləri qaydasında olmadığından, sürücülük hüququ olmadığından avtomobili dayandırmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Yol-Patrul Xidməti inspektoru vəzifəsində işləyir. 07 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində, X3 ilə xidmətdə olan zaman, Şəmkir şəhərində yerləşən “Bravo” supermarketin qarşısında hərkətdə olan VAZ 21074 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğunu bilavasitə müşahidə etmiş və buna görə də sürücüyə saxla əmri vermişdir, lakin sürücü avtomobili dərhal saxlamamış və bir qədər irəli getdikdən sonra dayanmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib onun qanunu pozduğunu söyləyən zaman, sürücü buna kəskin şəkildə etiraz edib bu cür halın olmadığını bildirmişdir, həmçinin, özünü təqdim etmək, nəqliyyat vasitəsinə dair sənədləri təqdim etmək kimi tələblərə məhəl qoymamış və nəqliyyat vasitəsini hərəkətdən kənarlaşdırmamağa çalışmışdır. Həmçinin, sürücünün bu hərəkətləri etməsinə səbəb kimi onun sürücülük vəsiqəsinin olmaması, etibarnaməsinin olmaması ilə əlaqələndirmişdir. Bundan sonra onda bəzi qəribə hərəkətlər müşahidə etdiklərindən, onun narkotik və ya alkoqol sərxoşluğu vəziyyətində olmasını yoxlanılması üçün tibb müəssisənə gedilməli olduğunu bildirmişlər, lakin adını sonradan bildikləri Şəxs onların tələbinə tabe olmamış, gah avtomobilə minmiş gah düşmüşdür, polis əməkdaşlarına anasının gələcəyini, anası gəlmədən heç bir yerə getməyəcəyini bildirmişdir. Avtomobili duracağa aparılmasına qəsdən müxtəlif vasiətələrlə, hadisə yerindən yayınaraq mane olmuşdur. X5 əvvəllərdə rayonun ərazisində yol nəqliyyat qaydalarını dəfələrlə pozmuş, sürücülük hüququ və etibarnaməsi olmadan avtomobil idarə etmiş, polis əməkdaşların saxla əmrinə dəfələrlə tabe olmamış, avomobili dayandırmadan polis əməkdaşların qanuni tələbinə məhəl qoymadan avtomobili idarə etməyə davam etmişdir. Onun barəsində əvvəllərdə yol hərəkət qaydalarını pozduğuna görə müxtəlif maddələrlə inzibati xəta haqqında protokol tərtib edilmişdir, həmin protokolları sistemdən çıxararaq təqdim etmişlər. Belə olan halda adı sonradan məlum olan Şəxs hadisənin araşdırılması, sürücünün şəxsiyyətinin müəyyən edilməsi, eləcə də törədilməkdə olan inzibati xəta hadisəsinin qarşısının alınması məqsədilə məcburi qaydada post patrul xidmətinin əməkdaşlarının köməyi ilə Şəmkir RPŞ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Qeyd etdiklərinə əsasən görünür ki, Şəxs açıq-aşkar polisin qanuni tələblərinə tabe olmamışdır. Odur ki Şəxs Firuddin oğlunun barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş, X3 şahid X2 izahatına uyğun məzmunlu izahat verərək Anar Əliyevin qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs Firuddin oğlunun məhkəmə iclasında verdiyi izahatını, şahid izahatları, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs Firuddin oğlunun qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Firuddin oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 96.1.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən, dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda fiziki şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin, 15 və 16-cı bəndlərinə əsasən yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələridir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi polisin əsas fəaliyyət istiqamətləridir. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər, Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “X7” Azərbaycan Respublikası qanunun 6-cı maddəsinin 2-ci bəndində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək, onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələri kimi təsbit edilmişdir. Həmin qanunun 85-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı, qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Yol-Patrul xidməti haqqında” təlimatın 1.5.4-cü bəndinə əsasən, yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək Yol-Patrul xidmətinin vəzifəsi kimi göstərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Firuddin oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Firuddin oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Firuddin oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Belə ki, iş materiallarından görünür ki, Rafayel Əliev dəfələrlə müxtəlif maddələrlə inzibati məsuliyyətə cəlb edilmiş, lakin bundan nəticə çıxarmayaraq, yenidən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymaraq yeni bir inzibati xəta törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Firuddin oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Firuddin oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 07 yanvar 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-21/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-21/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver