Məhkəmə qərarları › İş №3(076)-22/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-22/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-22/2023 05.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş X4 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PBnin polis sahə rəisi, polis kapitanı X2 izahatında bildirdi ki, tərəfindən MN ******* nömrəli protokol tərtib olunmuş ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Şəxs Şəmkir rayonu, Sabirkənd kəndində kafedə şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı X5 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, X5 uzun müddətdir ki tanıyır. xx.xx.2022ci il tarixdə saat 18 radələrində o Tahirənin işlədiyi Yusifin kafesinin yanına atla getmişdir. Həmin vaxt Tahirə ona ata minmək istəməsini və bir yerdə gəzmək istəməsini bildirmiş, sonra onlar bir-birlərilə zarafatlaşmış, zarafatları xoş getmədiyi üçün aralarında mübahisə yaranmış, Tahirə ona nalayiq ifadələr işlətmiş, o, həmin sözlərdən əsəbləşərək yumruqla Tahirənin başına vurmuş, sonra aralaşıb getmişdir. Hazırda aralarında barışıq əldə olunmasa da, o, əməlindən peşimandır və Tahirədən üzr istəyir. Məhkəmədən ona yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün ofisinatlıqla məşğul olur. Barəsində şikayət etdiyi şəxsi Sinarı Çinar adı ilə tanıyır. O, qeyd edir ki, Sinar o, işləyən kafenin arxasında heyvan otarır. xx.xx.2022-ci il tarixdə o, kafedə olan zaman Sinar adlı şəxs o, işlədiyi kafenin qarşısına atla gəlmiş və orada olan camaatla salamlaşmışdır. O, Sinarla söhbət edən zaman Sinara qəşəng atının olmasını söyləmişdir. Bundan sonra o, Sinara atı sürmək istəməsini təklif etmiş, Sinar isə etiraz etməmişdir. O, atın yəhərinin olmadığı üçün atı sürməkdən imtina etmişdir. Bundan sonra Sinar ona “ata min səni qaçırım” sözünü işlətmişdir. O, Sinara onu qaçıran anasından olmamışdır sözünü işlətmişdir. Sinar bundan sonra ona neçə yaşının olmasını soruşduqda o, Sinara 38 yaşının olmasını söyləmişdir. Sinar bundan sonra ona Sinarın yaşadığı qızın 27 yaşının olmasını deyərək onun xala olmasını sözünü söyləmişdir. O, Sinara onun yaşadığı oğlanın 23 yaşının olmasını söyləmişdir. Bunun cavabında Sinar ona sən oğlunla olursan sözünü işlətmişdir. O, Sinara xalanla bir yerdə olmasını söyləmişdir. Sinar ona nalayiq ifadə işlətdiyi üçün o, da Sinara qarşı nalayiq ifadə işlətmişdir. Sinar bundan sonra atdan düşərək onu nalayiq ifadə işlədib ona tərəf gələn zaman orada olan tanımadığı şəxslər araya girib onları aralamışdır. Bu zaman Sinar oradan uzaqlaşıb getmişdir. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Sinar yenidən kafeyə gəlib ona yenidən nalayiq ifadə işlədərək ona tərəf gedib onun baş nahiyyəsinə və qulaq nahiyyəsinə zərbələr vurmuşdur. Bundan sonra o, Sinarın barəsində DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Kafe sahibi Nurəddin adlı şəxs ona zəng vuraraq ona kafedən döyülməməsini deyib ona burdan uzaqlaşmasını söyləmişdir. Onların mübahisələri Şəmkir rayonu Sabirkənd kafedə olmuş, mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və yaranmış səsə ətrafa kənar şəxslər toplaşmamışdır. Hazırda Sinarla aralarında barışıq əldə olunmamışdır və məhkəmədən Sinarın həbs olunması barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəmkir rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2022-ci il tarixli rəyin surətindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin şişkinlik fonunda, sol qulaq seyvanın arxa səthinin qançırları və sağ sağrı nahiyəsinin sıyrığı küt əşyalarının təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etiraf edici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşiman olmasını və zərərçəkmiş şəxsdən üzr istəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 ( beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar