Məhkəmə qərarları › İş №3(076)-232/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-232/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-232/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində qərar çıxarılmış: X3 Qərarı barəsində şikayət edilən DİN-nin BDYPİ-nin nümayəndəsi, X2 iştirakları ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X3 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, o, X11 markalı, **-XF-*** Dövlət qeydiyyat nişanlı ona məxsus avtomobili ilə xx.xx.2025-ci il tarixi, saat 08:20 radələrində Şəmkir rayon Sabirkənd kəndindən Dəllər-Tatarlı yolu ilə Şəmkir şəhərinə gələrkən Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Şəmkir Rayon Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanı ona dəqiq məlum olmayan BMW markalı avtomobili “İpatrul” vasitəsilə onun avtomobilinin görüntüsünü götürərək yolda müəyyən edilmiş surət həddinin 21-40 km/saat həddində aşılmasına görə AR İXM- nin 328.2-ci maddəsi ilə barəsində elektron qərar qəbul etmişdir. Bu barədə “ASAN Ödəniş” proqramı vasitəsilə ona elə həmin gün məlumat göndərilmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş elektron qərarla razı olmadığını bildirir və qərarı tamamilə əsassız hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixində X10 İdarəsinin Şəmkir Rayon Bölməsinin dövlət qeydiyyat nişanı ona məlum olmayan BMW markalı avtomobilində xidmət göstərən əməkdaşları tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı xx.xx.2025-ci il tarixli, EQ26150678 saylı elektron qərar qəbul edilmişdir. Polis əməkdaşlarının müəyyən etdiyinə görə o, xx.xx.2025-ci il tarixi, saat 08:20 radələrində X11 markalı, **-XF-*** Dövlət qeydiyyat nişanlı ona məxsus avtomobili ilə Şəmkir rayon Sabirkənd kəndindən Dəllər- Tatarlı yolu ilə Şəmkir şəhərinə gələrkən Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində yolda müəyyən edilmiş surət həddini 21-40 km/saat həddində aşmışdır və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin qeyd etmək istəyir ki, həmin yolda surət həddini məhdudlaşdıran hər hansı bir yol hərəkəti nişanı quraşdırılmamışdır. O, həmin yolla üzü Dəllər qəsəbəsi istiqamətində hərəkət edərkən həmin ərazi yaşayış məntəqələri ərazisi olmadığına görə surət həddinin 90 km/saat olduğuna əsaslanaraq 84 km/saat surəti ilə hərəkət etmişdir. Qabağından gələn DYP-nin BMW markalı avtomobilində xidmət göstərən əməkdaşları “İ-patrul” vasitəsilə onun avtomobilinin görüntüsünü götürərək barəsində AR İXM-nin 328.2- ci maddəsi ilə yolda müəyyən edilmiş surət həddinin 21-40 km/saat həddində aşılmasına görə elektron qərarla cərimə tətbiq etmişdir. Halbuki həmin yolda surət həddini göstərən heç bir nişan yoxdur. Həmin yolun sadəcə Sabirkənd kəndinin giriş hissəsində yaşayış evləri olan hissədə surət həddinin 50 km/saat olduğunu göstərən nişan vardır. Lakin ona göndərilən qərarda həmin yolda surət həddinin 60 km/saat olduğu və onun da həmin yolda 84 km/saat surətilə hərəkət etdiyi göstərilib. Həmin yolun yaşayış məntəqələrindən keçən hissəsində surət həddinin 50 km/saat müəyyən edildiyi göstərilsə də yolun yaşayış sahəsindən kənarda olan hissəsində surət həddinin 60 km/saat olduğunu göstərən heç bir nişan quraşdırılmamışdır. Yolda müəyyən edilmiş surət həddinin 21-40 km/saat həddində aşılmasına görə barəsində AR İXM-nin 328.2-ci maddəsi ilə elektron qərərla cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Normanın məzmunu nəzər edilsə, İXM-nin 328.2-ci maddəsinə əsasən onun həmin yolda müəyyən edilmiş surət həddini 21-40 km/saat həddində aşdığı halda barəsində cərimə tətbiq edilə bilərdi. Lakin həmin yolda surət həddinin saatda 60 km olduğunu müəyyən edən heç bir nişan olmamışdır. Bu əsasla da o yaşayış məntəqəsinə aid olmayan həmin ərazidə 90 km/saat surətini keçməmək şərtilə hərəkət etmək hüququna malik idi. “X8” AR qanununun 50-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, Nəqliyyat vasitələri yaşayış məntəqələri olmayan başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət edə bilərlər. O da həmin əsasla artıq yaşayış məntəqələri olan ərazidən çıxdığına və yoldan hərəkət surətini müəyyən edən heç bir nişan olmadığına görə həmin ərazidə 84 km/saat surəti ilə hərəkət etmişdir. İXM-nin 3-cü maddəsinin məzmunundan belə aydın olur ki, inzibati xəta tərkibi, yalnız inzibati xətanın bütün tərkib əlamətlərinin mövcud olduğu anda yaranır. İndiki halda nəzərə alınsa ki, həmin yolda surət həddinin 60 km/saat olduğunu müəyyən edən nişan yoxdur. Bu halda həmin nişanın tələblərinin pozulması halı da ola bilməz. Bundan başqa protokol və qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin prosessual tələbləri də pozulmuşdur. Belə ki, AR İXM 115.1.4-cü maddəsində göstərilir ki, işə baxılarkən müəyyən edilmiş hallar elektron qərara əlavə edilməlidir. Elektron qərarda həmin yolda surət həddinin 60 km/saat olduğunu göstərən heç bir sübut əlavə edilməmişdir. AR İXM-nin 122.3.1 -ci maddəsində göstərilmişdir ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələr istifadə olunduqda əldə edilən məlumatlar yəni inzibati xəta hadisəsinin baş verdiyini sübut edən foto və ya video materiallar elektron qərara əlavə edilməlidir. Lakin elektron qərarda həmin xətanın törədilməsini sübut edən əsaslı dəlillər qərara əlavə edilməmişdir. Göründüyü kimi EQ26150678 nömrəli qərar Təqsirsizlik Prezumpsiyasına dair imperativ tələblər pozularaq çıxarılmışdır. Belə ki, nə onun təqsiri sübuta yetirilməmiş, nə də ki sübuta yetirilməmiş hallar onun xeyrinə həll olunmamışdır. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X6 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, barəsində tənbeh tətbiq edilən vaxt avtomobilini yaşayış məntəqəsindən kənarda idarə etmişdir, həmin yol 50 km sürət həddinin təsirinə düşmür, 60 km sürət həddinin olmasını müəyyən edən nişan yoxdur. Odur ki, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin BDYPİ-nin nümayəndəsi, X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, X3 nəqliyyat vasitəsilə törətdiyi inzibati xəta, elektron vasitələrin köməyi ilə aşkar edilmişdir və qanunvericiliyə uyğun olaraq barəsində EQ26150678 nömrəli elektron qərar tərtib edilmişdir. Həmçinin, kamera vasitəsilə qeydə alınmış videogörüntüdə və fotoda, aydın şəkildə görünür ki, X11 markalı, **-XF-*** Dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən müəyyən edilmiş surət həddini aşır, belə ki, hadisə baş verən yer yaşayış məntəqəsinə aid ərazidir, həmin yolda yaşayış məntəqəsi nişanı var, lakin həmin nişanın qüvvədən düşdüyünü göstərən digər yol hərəkəti nişanı, yəni 5.23 nişanı yoxdur, sürücü isə bunu nəzərə almamışdır. Odur ki şikayət ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X1 Santa Fe markalı, **-XF-*** Dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixi, saat 08:20 radələrində Şəmkir rayonu, Sabirkənd kəndindən Dəllər-Tatarlı yolu ilə Şəmkir şəhərinə gələrkən Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində yolda müəyyən edilmiş surət həddinin 21-40 km/saat həddində aşılmasına görə AR İXM- nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş və inzibati xəta hadisəsinə dair fotoçəkilişdən və əlavə edilmiş məlumatları əks etdirən sənədlərdən görünür ki, X1 Santa Fe markalı, **-XF-*** Dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixi, saat 08:20 radələrində Şəmkir rayonu, Sabirkənd kəndindən Dəllər-Tatarlı yolu ilə Şəmkir şəhərinə gələrkən Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində yolda müəyyən edilmiş surət həddinin 21-40 km/saat həddində aşılmasına görə AR İXM- nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Belə ki, AR İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “X8” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 49-cu bəndinə əsasən, yaşayış məntəqəsi - giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. “X8” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci bəndinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) sürülməlidir. “Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 29 aprel 2010-cu il tarixli, 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.4-cü- bəndinə görə 5.21.1 və 5.21.2 "İstiqamət göstəricisi" yol nişanlan yaşayış məntəqələrinə və digər obyektlərə (hava limanı, dəniz limanı, dəmir yolu vağzalı, avtovağzal, mehmanxanalar, tibb müəssisələri, təhsil müəssisələri, idman obyektləri, dövlət orqanları və sair) hərəkət istiqamətlərinin göstərilməsi üçün quraşdırılır. 5.21.1 və 5.21.2 yol nişanlan bilavasitə yolayrıclarının və ya yollardan çıxışların qarşısında yerləşdirilir. 5.21.1 və 5.21.2 yol nişanlarının hər iki istiqamətdə cəmi bir və ya iki hərəkət zolağı olan yolların çıxışlarında, kəsişən yolların hər birində hər iki istiqamətdə, ikidən çox zolağı olmayan yol qovşaqlarında isə yolayrıclarının qarşısında yolun sol tərəfində yerləşdirilməsinə icazə verilir.Yaşayış məntəqələrində istiqamətin ilkin göstəricisi kimi 5.20.1 və 5.20.2 yol nişanlarının əvəzinə 5.21.2 yol nişanının quraşdırılması mümkündür. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən ağ fonu olan 5.22. "Yaşayış məntəqəsinin başlanğıcı" və 5.23 "5.22 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı" yol nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu göstərir və müvafiq olaraq yaşayış məntəqəsinin başlanğıcını və ya qurtaracağını göstərmək məqsədilə istifadə olunur. AR İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21- 40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, işin araşdırılmış hallarından məlum olur ki, X6 xx.xx.2025-ci il tarixi, saat 08:20 radələrində Şəmkir rayonu, Sabirkənd kəndindən Dəllər-Tatarlı yolu ilə Şəmkir şəhərinə gələrkən, Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində yaşayış məntəqəsi hesab olunan ərazidə, həmçinin, 5.22 nişanının mövcud olduğu ( eyni zamanda 5.23 nişanın mövcüd olmadığı, yəni yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı" )və təsirinə düşən yolda X11 markalı, **-XF-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saatda 84 km/saat sürətlə idarə etmişdir. Bununla da o, “X8” Azərbaycan Respublikası Qanunun yuxarıda göstərilən normalarının tələblərini pozmaqla inzibati xəta hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ-nin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26150678 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar