Məhkəmə qərarları › İş №3(076)-237/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-237/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-237/2023 13.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X1 MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı üzrə tələbi yerinə yetirməmiş və həmin inzibati tənbeh tətbiq etmə haqqında qərarla müəyyən edilmiş inzibati cərimə 1500 manatı ödəməmişdir. Bununla da, Namazov X3 Xətalar Məcəlləsinin 529.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 13 yanvar 2023-cü il tarixli qərarla icraata başlanılmış X1 X5 MN ******* nömrəli, 20 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs AR İXM 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq o, qərarı icra etməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən məbləği ödəməmişdir. Hazırda Z. M. Namazovun 1500 manat ödənilməmiş cəriməsi mövcuddur. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 529.1ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildiriş ona təqdim edilmişdir. Maddi imkanı olmadığından qərarı icra edə bilməmiş, cəriməni ödəyə bilməmişdir. O, qərarı icra etməkdən yayınmır. Hər ay müəyyən məbləğdə ödəniş etməyə hazırdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarına və iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan və digər sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir Rayonu Düyərli kəndində fəaliyyət göstərən ərzaq satışı mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkar edildiyindən AR İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. İş materiallarına Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın Z. M. Namazova təqdim edilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Qərardan təqdim edildiyi vaxtdan 10 gün ərzində şikayət verilmə müddəti var və şikayət vermə müddəti bitdiyi vaxtdan sonra 3 ay keçdikdə İXM-nin qeyd olunan 529.1-ci maddəsinin tərkibi yaranır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin tərkibinin yaranması üçün birinci qərarın Z. M. Namazova təqdim edilməsi, təqdim edildikdən sonra 10 gün ərzində şikayət verilməməsi və daha sonra 3 (üç) ayın keçməsi zəruridir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində mövcud vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkibi yaranmadığından sonuncunun barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar