Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-240/2023 14.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəmaləddin oğlunun, onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Cəmaləddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs Cəmaləddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs Cəmaləddin oğlunun Gəncə şəhər narkoloji dispanserdə aparılan tibbi müayinə zamanı sidik nümunəsinin tərkibində heroin aşkar olunmuşdur. Bununla da o İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin İTB-nin polis kapitanı X7 protokolu müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs Cəmaləddin oğluna məhkəmə narkoloji ekspertizası təyin edilmiş, AR SN-nin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 241 saylı rəyindən göründüyü kimi Şəxs Cəmaləddin oğlu narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Şəxs Cəmaləddin oğlu narkomaniya xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacı var. Məhkəmədən Şəxs Cəmaləddin oğlunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəmaləddin oğlu özünü təqsirli bilərək izahatında bildirdi ki, o, 2021-ci ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlamış, Gəncə şəhər Narkoloji Dispanserə aparılmış və onun sidiyindən nümunə götürülmüş, həmin vaxt ona heroindən sui-istifadə etməsi və bunun nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsi bildirilmişdir. O, əvvələr heroini şprislə damara yeridərək qəbul etsə də, bir müddətdir narkotikdən istifadə etmir və sonuncu dəfə narkotikdən istifadə etməsini xatırlamır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 çıxışında göstərdi ki, inzibati işdə ziddiyyətlər vardır, protokolun sonunda olan tarix yeri doldurulmamışdır. Şəxs Cəmaləddin oğluna narkotik vasitəni nə zaman çəkməsi soruşuluqda o xatırlamadığını bildirmişdir. O, hesab edir ki, Şəxs götürülmüş sidik nümunəsi məhkəmə zalına gətirilməli və ona baxış keçirilməli, onun bu barədə vəsatəti təmin edilməli, həmçinin rəy vermiş həkimlər məhkəməyə gətirilməli idi. O hesab edir ki, protokol əsassızdır. Odur ki, inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 ifadəsində bildirdi ki, Şəxs Cəmaləddin oğlunun narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra rəhbərliyə məruzə edilmiş, Şəxs Cəmaləddin oğlu xx.xx.2023-cü il tarixdə tərəflərindən saxlanılmış, Şəmkir Rayon Polis Şöbəsinə, sonra isə Gəncə şəhər Narkoloji Dispanserə aparılmış və sidiyindən nümunə götürülmüş, həmin vaxt Şəxs heroindən sui-istifadə etməsi və bunun nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. Bu fat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məsədi ilə aparılan tibbi müayinəyə dair 486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Cəmaləddin oğlunun tibbi müayinəsi zamanı sidik nümunəsinin narkotik vasitələrin birmomentli immunoxromotoqrafik testxətt üsulu ilə müayinəsi zamanı OPİ (heroin) aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Cəmaləddin oğlunun əməlində cinayətin tərkib əlamətləri olmadığından, material üzrə cinayət işinin başlanması əməldə tərkib olmaması əsasına görə rədd edilmiş, Şəxs Cəmaləddin oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Şəmkir Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin həkimməsləhət komissiyasının xx.xx.2023-cü il tarixli, 241 saylı rəyin surətindən görünür ki, Şəxs Cəmaləddin oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanıya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-247/2021 saylı hökmün surətindən görünür ki, Şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası CM-in 234.1-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs Cəmaləddin oğlunun inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs Cəmaləddin oğlu İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs Cəmaləddin oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasını, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs Cəmaləddin oğlunun qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Cəmaləddin oğlu xx.xx.2023-cü il tarixdən, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Cəmaləddin oğlunun barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs Cəmaləddin oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs Cəmaləddin oğlu müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs Cəmaləddin oğlu narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən, saat 17:00dan hesablansın. Şəxs Cəmaləddin oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Cəmaləddin oğlunun narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-240/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-240/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver