Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-240/2025 18.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləyən, Şəmkir rayonu, Könüllü kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 901/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Belə ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, rəhbərlik etdiyi nümayəndəliyin yaranmış borcu əvvəlki maliyyə illərində hesablarda olan uyğunsuzluqlarla əlaqələnmişdir. İcra sənədi üzrə borclu rəhbəri olduğu nümayəndəlikdir. Hazırda həmin borcun ödənilməsi üçün nümayəndəliyin hesabında pul yoxdur və belə bir pulun ayrılması mərkəzi İcra hakimiyyəti tərəfindən nəzərdə tutulmamışdır. Bu günədək ödəniş edilməmişdir. Qeyd olunan borcun ödənilməsi ilə bağlı mərkəzi icra hakimiyyəti tərəfindən pul ayrılan zaman təmin ediləcəyi bildirmişdir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmuu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Şəxs icra sənədi üzrə borcu ödəmək onun səlahiyyətindən kənar olduğundan barəsində inzibati haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 901/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-240/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-240/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver