Məhkəmə qərarları › İş №3(076)-260/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-260/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-260/2024 15.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X4 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonu, Gər Gər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, Gədəbəy rayonu, Gər- Gər kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə yaşayan, Şəxs barəsində Şəmkir RPŞ-nin İTB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati material ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində Zərərçəkmiş şəxs nəzərət etdiyi artezian quyusundan 21 metr uzunluğunda 84 manat dəyərində kabeli oğurlamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Şəxs tanışı elçin adlı şəxs ilə birlikdə Gəncə şəhərindən Şəmkir rayonuna oğurluq etmək üçün gələrək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ərzində Şəmkir rayonu, Çinarlı qəsəbəsində Zərərçəkmiş şəxs nəzərət etdiyi artezian quyusundan 21 metr uzunluğunda 84 manat dəyərində kabeli oğurlayıb aparıb satmışlar. Həmin fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi özü təsdiqini tapmış, qeyd edilən fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra tərəfindən protokol tərtib edilmişdir və hazırda protokolu müdafiə edir və qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Həmçinin Şəxs digər cinayətlərin törədilməsində təqsirli olması barədə materiallar araşdırılır. Şəxs qeyd edilən əməl üzrə özünü təqsirli bilsə də, onlar tərəfindən imkan yaradılmasına baxmayara maddi imkanı olmadığı üçün vurulmuş zərəri ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati protokol üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, əvvələr cinayət törətməyə görə məhkum olunmuşdur. O dostu Elçinlə birlikdə Gəncə şəhərindən Şəmkir rayonuna oğurluq etmək üçün gəlmişlər. Onlar bilirkdə 2024-cü ilin fevral ayında Şəmkir rayonu Çinarlı qəsəbəsində təximən 20 metr uzunluğunda kabeli birlikdə oğurlayıb əldə etdikləri misi 174 manata Gəncə şəhərində satmışlar. O, zərəri ödəmək istəyir, lakin hazırda maddi kanı yoxdur. Məhkəmədən törətdiyi əməldən peşiman olmasını və onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi X2 Elşad Nikolay oğlunun əməlindən peşman olmasını bildirərək onun barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən artizian quyusuna məxsus 21 metr uzunluğunda 84 manat dəyərində kabeli oğurlanmış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs AR DİN-in 102 xidmətinə və Şəmkir rayon PŞ-nə müraciəti əsasında rayon PŞ-nin TB-də toplanmış material üzrə əməlində cinayət tərkibi olmadıgına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd ediləməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, artezian quyusu üçün nəzərdə tutulmuş 1 metr uzunluğunda kabelin qiyməti 4 manat təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində artezian quyusunun kabellərinə baxış keçirilmişdir. Baxış zaman Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən artizian quyusuna məxsus 21 metr uzunluğunda kabeli oğurlanmasını bildirmişdir. Baxış zaman əhəmiyyət kəsb edən əşya və dəlillər aşkar edilməmişdir. İşdə olan AZA 004736 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs tanışı ilə birlikdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs nəzərət etdiyi artizian quyusuna məxsus 21 metr uzunluğunda 84 manat dəyərində kabeli oğurlamış, bu əməllərə görə barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun bu əməli İXM-in 227-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərəflərin izahatı, barəsində tərtib edilmiş protokola və inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. Hazırda vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə İXM-in 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Şəxs inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunur. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və vurulmuş ziyanın miqdarını, vurulmuş maddi ziyanın ödənilməməsini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, vurulmuş maddi zərərin ödənilməməsini və zərərin ödənilməsi yönələn heç bir hərəkət etməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli tutulduğu vaxtdan xx.xx.2024-cü il tаrixdən saat 16:30-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli xx.xx.2024-cü il tаrixdən saat 16:30-dan hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X10 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi **********3800465263, VÖEN: **********) köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar