Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-28/2023 24.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, məhkumluğu olmayan, orta təhsilli, Gəncə şəhəri, Azərbaycan küçəsi, ev-99 da qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Şəmkir rayonu Yeni- Həyət kəndi ərazisində Fort markalı, **-KK-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Şəxs polis əməkdaşalarının yanından yüksək sürət ilə hərəkət edib keçən zaman özünü şübhəli apardığını görüb həmin avtomobilə saxla işarəsi verərək saxlatmışlar. Şəxs iştirakı ilə avtomobilin yük yerinə vizual olaraq baxan zaman orada çoxlu sayda istehsalı və satılması qadağan olunmuş pirotexniki vasitə aşkar edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, yeni il bayramı günü istifadə edilməsi üçün Gəncə şəhərində küçədə açıq satışda olan pirotexniki vasitə almışdır. Şəmkir rayonu ərazisində yol ilə gələrkən polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar. xx.xx.2022-ci il tarixdə Şəmkir rayon ərazisinə 1001 xırdavatın çatdırılması üçün gəlmişdir. Saat 12:40 radələrində Şəmkir rayonu Yeni-Həyat yolu adlanan ərazidə post patrul xidməti əməkdaşları onu saxlamışlar və Şəmkir Rayon polis Şöbəsinə aparmışlar. Orada isə avtomobilinə baxış keçirilmiş və həmin vasitə aşkar edilmişdir. O, pirotexniki vasitələri özünün və qardaşının uşaqları üçün almışdır və heç kimə satmamış, onun satışı ilə məşğul olmamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş şəxs Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Lakin aşkar edilmiş pirotexniki vasitələr müsadirə edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəxs pirotexniki vasitələri satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarından xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, icraatda olan Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı, Vüsal Müşrafanovun raportu əsasında aparılan araşdırma materialı üzrə Şəxs məxsus “Fort” markalı, **-KK-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən “explasıve P20” yazılan 39 ədəd, “P500” yazılan 48 ədəd və “P 750” yazılan 60 ədəd, “SREBRNA PİRATKA” yazılan 20 ədəd, “Emgma EK 6207” yazılan 20 ədəd satışı qadağan olunmuş tez alışan partlayıcı pirotexniki vasitə aşkar edilərək foto şəkilləri çəkilərək məhkəmə baxışına qədər qabşaldırılaraq götürüldü. Protokol iştirakçılara ucadan oxundu protokol düzgün tərtib olunubdur, əlavə və düzəliş daxil olmadı, doğruluğu imzalarla təsdiq edilir. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, şəxs pirotexniki vasitələrin istehsalı və ya satılması ilə məşğul olsun. Məhkəmə araşdırması və inzibati material ilə müəyyən olunur, Şəxs pirotexniki vasitələri satış məqsədi ilə deyil öz istifadəsi üçün əldə etmişdir. Şəxs pirotexniki vasitələrin satışını həyata keçirməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmiş inzibati materialda mövcud deyildir. Beləliklə, işin qeyd olunan hallarını və barəsində inzibati icraat aparılan şəxsin izahatını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 151.1.-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Bununla yanaşı qeyd edilməlidir, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər: 10.1. tezalışan maddələr və pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulan obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd; 10.2. tezalışan maddələr və pirotexniki məmulatların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd; 10.3. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti; 10.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin Şəxs aşkar edilərək götürülmüş əşyalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olduğundan və onun bu əşyaları qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamağa dair və istifadə etməsinə dair icazəsi, qanunla müəyyən edilmiş şərtlər mövcud olmadığından, ondan aşkar edilərək götürülmüş “explasıve P20” yazılan 39 ədəd, “P500” yazılan 48 ədəd və “P 750” yazılan 60 ədəd, “SREBRNA PİRATKA” yazılan 20 ədəd, “Emgma EK 6207” yazılan 20 ədəd satışı qadağan olunmuş tez alışan partlayıcı pirotexniki vasitələr dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. “Explasıve P20” yazılan 39 ədəd, “P500” yazılan 48 ədəd və “P 750” yazılan 60 ədəd, “SREBRNA PİRATKA” yazılan 20 ədəd, “Emgma EK 6207” yazılan 20 ədəd tez alışan partlayıcı pirotexniki vasitələr dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-28/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-28/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver