Məhkəmə qərarları › İş №3(076)-29/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-29/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-29/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X2 iştirakı ilə Azərbaycan Respublikası BDYPİ–nin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası BDYPİ–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 BDYPİ–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində EQ24418076 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Əsas olaraq isə onun Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi göstərilmişdir. Hazırda həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, qanunvericiliyin tələbinə görə əgər sürücü svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmişdirsə o, yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkətini davam etdirməlidir. O, KİA Sorento markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir şəhəri H.Əliyev prospekti 17 ünvanında yol ayrıcını keçən zaman svetoforun yaşıl işığı yanmış, həmin vaxt yol ayrıcına daxil olub sola dönmə əməliyyatı apardıqdan sonra svetoforun qırmızı işığı yanmış və o, artıq yolayrıcında olduğuna görə hərəkətini davam etdirmişdir. Hesab edir ki, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası DİN–in BDYPİ–yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN–in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin, məhkəmə tərəfindən işə əlavə edilmiş CD diskə baxış keçirilmiş və X2 həqiqətən xx.xx.2024–cü il tarixdə idarə etdiyi KİA Sorento Minik markalı **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, Heydər Əliyev pr.17 də svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, BDYPİ–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndinə əsasən qırmızı işığın yanması və ya yanıb-sönməsi hərəkəti qadağan edir. X6 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. 1) yolayrıcında—kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin Qanunun 60-cı maddəsinin İV hissəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Həmin Qanunun 76-cı maddəsinin İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını əsas tutaraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Belə ki, X3 şikayət ərizəsində və məhkəmə iclası zamanı vermiş olduğu izahatında yol ayrıcını keçən zaman svetoforun yaşıl işığının yandığını, həmin vaxt yol ayrıcına daxil olub sola dönmə əməliyyatı apardıqdan sonra svetoforun qırmızı işığı yandığını və o, artıq yolayrıcında olduğuna görə hərəkətini davam etdirdiyini qeyd edərək əməlində hər hansı inzibati xətanın tərkibi olmadığını qeyd etsədə, məhkəməyə təqdim olunmuş videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, sürücünün hərkətdə olduğu hissə yolayrıcı olmamışdır. X1 idarə etdiyi KİA Sorento minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, Heydər Əliyev prospekti 17 ünvanında sola dönmə əməliyyatı həyata keçirdikdən sonra svetoforun qadağanedici qırmızı işığı yanmış, həmin ərazidə isə dairə olduğundan, həmin hissədən ikinci hərəkət zolağına keçid olduğundan yolayrıcı hesab olunmur və svetoforun qadağanedici qırmızı işığı yandıqda sürücü hərəkəti dayandırmalı və svetoforun yaşıl işığı yandıqdan sonra hərəkəti davam etdirməli olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X1 tərəfindən qanunvericiliyin yuxarıda sadalanan normaları pozulmuş və onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tərkibi mövcud olmuşdur. Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 327.2–ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, BDYPİ–nin vəzifəli şəxsinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 BDYPİ–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. BDYPİ–nin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 24418076 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar