Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-290/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X6 Zərərçəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Şəmkir rayonu, Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 19 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində atası X3 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, X7 onun atasıdır. Anasının vəfatından sonra atası ikinci dəfə evlənmək istəmiş, lakin o, razı olmadığından atası onunla əsassız yerə mübahisələr etməyə, narazılıq yaratmağa başlamış və onunla qərəzli münasibətdə olmuşdur. 19 yanvar 2024-cü il tarixdə səhər saat 07 radələrində yuxudan durub həyətə çıxan zaman atasının ayaqyolu ehtiyacını həyətə etməsini görmüş, bu səbəbdən atasına ayaqyoluna getməli olmasını demişdir. Həmin vaxt atası ona qışqırmağa, səs-küy salmağa başlamış, DİN-in 102 xidmətinə zəng edərək onun barəsində şikayət edəcəyini demişdir. Həqiqətən də sonradan ona məlum olmuşdur ki, atası onun barəsində şikayət etmişdir. Bununla belə 19 yanvar 2024-cü il tarixdə atası ilə arasında sözlə mübahisə olsa da, o, həmin vaxt atasını vurmamış və ya ona hər hansı xəsarət yetirməmişdir. Bu səbəbdən özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı göstərdi ki, Şəxs onun oğludur və ona məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O isə azyaşlı nəvəsi Elcan Salmanovla birlikdə Raminin evinin yaxınlığında inşa edilmiş, özünə məxsis evdə yaşayır. 19 yanvar 2024-cü il tarixdə səhər saat 07 radələrində Ramin heç bir əsaslı səbəb olmadan onun yaşadığı evə gələrək onunla və nəvəsi Elcanla mübahisə etməyə başlamış, onların evdən çıxıb getməsini demiş, bundan sonra bir dəfə sillə ilə Elcanın üz nahiyəsindən vurmuşdur. Həmin vaxt o, Ramini Elcandan ayırmaq istəsə də, Ramin əl zərbələri ilə onun da bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Ramin onu və Elcanı döydükdən sonra çıxıb getmişdir. Bundan sonra o, DİNin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmçinin, qeyd edir ki, ekspert rəyində aldığı xəsarətlərin xx.xx.2024-cü il tarixə uyğun gəlməsi qeyd olunsa da, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş və ola bilsin ki, ekspertə ifadə verərkən texniki səhv olaraq hadisənin xx.xx.2024-cü il tarixdə baş verməsini bildirmişdir. Bu səbəbdən də, ekspert rəyində aldığı xəsarətlərin xx.xx.2024-cü il tarixə uyğun gəlməsi göstərilmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini və ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, babası Həsən Salmaovla birlikdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Şəxs onun əmisidir. 19 yanvar 2024-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı evdən həyətə çıxarkən əmisinin babası Həsənə qışqırmasını görmüş, bundan sonra ona evdən getməsini deyərək onu vurmuşdur. Həmçinin, əmisi həmin vaxt babasının ayaq, bel və sinə nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Əmisi onların hər ikisini döydükdən sonra çıxıb getmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 58 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthinin sol yarısının yumşaq toxumalarının ağrı halında əzniyi və sol ayağın iç topuq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan xx.xx.2024-cü il tarixli 59 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarət- sağ yanağı qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan ekspert rəyi ilə də Şəxs tərəfindən X5 xəsarət yetirilməsi sübut olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 28 mart 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-290/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-290/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver