Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-295/2024 30.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən, Şəxs 29 mart 2024-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində mərkəzi küçədə və Şəmkir RPŞ-nin Kür PBnin inzibati binasında ucadan ünvanlı-ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsində güləş müəllimi işləyir, həmçinin boş vaxtlarında dəmir alqı-satqısı ilə məşğul olur. 29 mart 2024-cü il tarixdə saat 15 radələrində Şəmkir RPŞ-nin Kür PB-nin əməkdaşları ona məxsus mağazaya gələrək qəsəbədə olan bir nəfər şəxsin Kamaz markalı yük avtomaşınına məxsus ehtiyat hissəsinin itməsini bildirmiş və bu səbəbdən aldığı dəmirlərə baxmalı olmasını demişlər. O, həmin vaxt əsəbləşsə də, polisə qarşı tabesizlik göstərməmiş və dəmirləri göstərmişdir. Bundan sonra polislər onu bölməyə dəvət etmiş, o da heç bir söz demədən bölməyə getmişdir. Lakin Kür PB-nin inzibati binasında əsəbiləşərək ucadan ünvanlı-ünvansız nalayiq söyüşlər söymüşdür. Orada əsəbiləşib səs-küy salsa da, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Bununla belə ictimai qaydanı pozaraq səs-küy salması ilə bağlı hərəkətlərindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları və yaşlı anası vardır. Özü ali təhsilli olmaqla, yaşadığı qəsəbədə güləş müəllimi işləyir. Odur ki, izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir rayonu, Kür qəsəbə sakini Şəxs qəsəbədə güləş müəllimi işləməklə, həm də metal alqı-satqısı ilə məşğul olur. 29 mart 2024-cü il tarixdə saat 15 radələrində Şəxs yaxınlaşaraq, onun Nazirlər Kabinetinin qərarına uyğun olaraq metal alqı-satqısı ilə məşğul olması, qeydiyyat dəftərindən istifadə edib-etməməsi, həmçinin, qəsəbə ərazisində olan oğurluq hadisəsi ilə bağlı soruşan zaman, Şəxs ucadan ünvanlı-ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu nizam-intizama dəvət etsələr də, o, polisə tabesizlik göstərmişdir. Bundan sonra Şəxs bölməyə gətirilmiş, sonuncu Kür PB-nin inzibati binasında da qanunsuz əməllərini davam etdirərək səs-küy salmış, ucadan nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə saat 15 radələrində Şəxs yaxınlaşaraq, onun Nazirlər Kabinetinin qərarına uyğun olaraq metal alqı-satqısı ilə məşğul olması, qeydiyyat dəftərindən istifadə edib-etməməsi, həmçinin, qəsəbə ərazisində olan oğurluq hadisəsi ilə bağlı soruşan zaman, Şəxs ucadan ünvanlıünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, bundan sonra onu bölməyə dəvət etmişlər. Şəxs onların dəvətindən sonra öz şəxsi avtomaşını ilə Kür PB-nin inzibati binasına gəlmiş, lakin orada da qanunsuz əməllərini davam etdirərək səs-küy salmış, ucadan nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə saat 15 radələrində Kür PB-nin inzibati binasında xidmətdə olan zaman səs-küy eşitmiş, həmin vaxt Kür qəsəbə sakini Şəxs ucadan ünvanlı-ünvansız nalayiq söyüşlər söyməsini görmüşdür. Bu zaman polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsdən tabe olmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs qismən etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, Şəmkir rayonu, Kür qəsəbəsində mərkəzi küçədə və Şəmkir RPŞ-nin Kür PB-nin inzibati binasında səs-küy salaraq ucadan ifadə olunmuş söyüşlər etməklə cəmiyyətdə bərqərar olunmuş ictimai və əxlaq qaydalarını pozan, ictimai münasibətlərə xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Məhkəmə iclasında Şəxs 29 mart 2024-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində mərkəzi küçədə və Şəmkir RPŞ-nin Kür PB-nin inzibati binasında ucadan səs-küy salaraq nalayiq söyüşlər söyməsi tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələri ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs 29 mart 2024-cü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 29 mart 2024-cü il tarixdən saat 17:05-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Şəmkir RPŞ-nin Kür PB-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsinə münasibətdə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 29 mart 2024-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-295/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-295/2024
30.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver