Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-325/2023 16.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs (tələbkar) X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanova (Kılıç) Nigar Rəfayıl qızının iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Aslanova (Kılıç) Nigar Rəfayıl qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Aslanova (Kılıç) Nigar Rəfayıl qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 10 mart 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Aslanova (Kılıç) X7 Rayon Məhkəməsinin 2(076)-278/2022 saylı 16 fevral 2022-ci il tarixli icra sənədi üzrə yaranmış 3500 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Aslanova (Kılıç) Nigar Rəfayıl qızı həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-278/2022 saylı 16 fevral 2022-ci il tarixli icra sənədində cavabdeh X1 4.750 (dörd min yeddi yüz əlli) manatın və məhkəmə xərci qismində 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsi göstərilmişdir. Məhkəmənin qeyd olunan icra sənədi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Aslanova (Kılıç) Nigar Rəfayıl qızına bildirişlər göndərilmişdir. Borclu Aslanova (Kılıç) Nigar Rəfayıl qızına dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanova (Kılıç) Nigar Rəfayıl qızı tələbkara olan borcunu tam şəkildə ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəmkir rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmədə protokola baxılarkən sonuncu tələbkara yanvar ayının sonunadək 300 manat, qalan borcu isə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, tələbkar isə bununla razılaşmışdır. Bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin 3(076)-68/2023 saylı 11 yanvar 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Aslanova (Kılıç) Nigar Rəfayıl qızı tələbkara xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə isə 380 manat ödənişlər etmiş, lakin mart ayı üçün ödəniş etməmiş və qalıq 3500 manat borcu tam şəkildə ödəməyərək, həmin borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, hazırki protokolu tərtib edərək məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanova (Kılıç) Nigar Rəfayıl qızı verdiyi izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından imtina etmir, lakin borcunu birdəfəyə ödəməyə maddi imkanı olmasa da, tələbkara hər ay ödənişlər edir. Belə ki, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərmiş, məhkəmədə protokola baxılarkən o, tələbkara yanvar ayının sonunadək 300 manat, qalan borcu isə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin 3(076)-68/2023 saylı 11 yanvar 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023cü il tarixdə isə 380 manat tələbkara ödənişlər etmişdir. Mart ayı üçün ödənişi isə ayın sonunadək 200 manat ödəyəcəkdir. Qalan borcunu isə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aslanova (Kılıç) Nigar Rəfayıl qızı ona olan borcunu tam şəkildə ödəmədiyinə görə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərmişdir. Məhkəmədə protokola baxılarkən borclu yanvar ayının sonunadək ona 300 manat ödəniş etməyi, qalan borcu isə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. O, borclu ilə razılaşmış, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin 3(076)-68/2023 saylı 11 yanvar 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Aslanova (Kılıç) Nigar Rəfayıl qızı ona xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə isə 380 manat ödəniş etmiş, lakin mart ayı üçün hələ ödəniş etməmişdir. Odur ki, Aslanova (Kılıç) Nigar Rəfayıl qızından şikayətçidir və ondan borcunu tələb edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-278/2022 saylı 16 fevral 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Aslanova (Kiliç) Nigar Rəfayıl qızından 4.750 manat pulun və 68 manat dövlət rüsumunun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 3(076)-68/2023 saylı 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Aslanova (Kılıç) Nigar Rəfayıl qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan qəbzlərin surətindən görünür ki, Aslanova (Kiliç) X2 Yeganə Əli qızına xx.xx.2022-ci il tarixdə 400 manat olmaqla cəmi 720 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə isə 380 manat ödəniş etmiş, X6 qəbz yazıb, imzalayaraq həmin pulları Aslanova (Kiliç) Nigar Rəfayıl qızından aldığını təsdiq etmişdir. Beləliklə, iş üzrə icraatda iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Aslanova (Kılıç) Nigar Rəfayıl qızının icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu Aslanova (Kiliç) Nigar Rəfayıl qızı borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə xx.xx.2022-ci il tarixdə 400 manat olmaqla cəmi 720 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə isə 380 manat olmaqla tələbkara mütəmadi ödənişlər etmiş, 3500 manat qalıq borcundan isə mart ayının sonunadək 200 manat ödəməyi, qalan borcu isə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Aslanova (Kılıç) Nigar Rəfayıl qızının əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Aslanova (Kılıç) Nigar Rəfayıl qızının əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Aslanova (Kiliç) Nigar Rəfayıl qızının barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibatı xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Aslanova (Kılıç) Nigar Rəfayıl qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər, Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-325/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-325/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver