Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-343/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)- 499/2019 saylı və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)- 531/2020 saylı icra sənədləri üzrə yaranmış cəmi 117.073,80 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-499/2019 saylı qətanməsi ilə borclu Şəxs 30.496,80 manat pulun və 30 manat dövlət rüsumunun alınıb tələbkar “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-531/2020 saylı qətanməsi ilə borclu Şəxs 119.807,20 manat pulun və 30 manat dövlət rüsumunun alınıb tələbkar “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 117.073,80 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-499/2019 saylı qətanməsi ilə ondan 30.496,80 manat pulun və 30 manat dövlət rüsumunun alınıb tələbkar “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-531/2020 saylı qətanməsi ilə ondan 119.807,20 manat pulun və 30 manat dövlət rüsumunun alınıb tələbkar “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Hazırda həmin borcu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Lakin maddi cəhətdən çətinlik çəkir. Bununla belə, tələbkara olan borcundan 2.000 manat ödəmiş, qalan borcu da qısa zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinə icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bununla belə borcunu tam şəkildə ödəmədiyi halda borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)- 499/2019 saylı qətanməsindən görünür ki, borclu Şəxs 30.496,80 manat pulun və 30 manat dövlət rüsumunun alınıb tələbkar “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)- 531/2020 saylı qətanməsindən görünür ki, borclu Şəxs 119.807,20 manat pulun və 30 manat dövlət rüsumunun alınıb tələbkar “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-499/2019 saylı icra sənədi ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-531/2020 saylı icra sənədi ümumi icraatda birləşdirilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Şəxs “Azəriqaz” İstehsalat Birliyinin hesabına xx.xx.2024-cü il tarixdə 2.000 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə “Azəriqaz” İstehsalat Birliyinə olan borcundan 2.000 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-343/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-343/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver