Məhkəmə qərarları › İş №3(076)-364/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-364/2023

25.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-364/2023 25.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 25 mart 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiallara əlavə edilmiş 24 mart 2023-cü il tarixli MN ******* nömrəli və 24 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19-radələrində Şəmkir şəhəri, M.İbrahimov küçəsində avtomaşınla hərəkətdə olarkən, avtomaşını polis əməkdaşlarının üzərinə sürmüş və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəmkir Rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-363/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-364/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən eyni vaxtda törədildiyindən və eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-364/2023 sayla birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19-radələrində Şəmkir şəhəri, M.İbrahimov küçəsində özünə məxsus olan “VAZ-2106” dövlət qeydiyyat nişanlı **- CF-*** nömrəli avtomobillə hərəkətdə olarkən avtomaşını əvvəlcədən tanımadığı, adları sonradan ona məlum olan polis əməkdaşları Bayram və Ağaların üzərinə sürmüşdür. Onlar mülki geyimdə olduqlarından polis əməkdaşları olduğunu bilməmişdir. Daha sonra həmin polis əməkdaşları onu saxladaraq, avtomaşını onların üzərinə sürməsinə iradlarını bildirmişlər və onu nizam intizama dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş və onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə saat 19-radələrindən etibarən bu günədək inzibati qaydada tutularaq Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılmışdır. Avtomaşını polis əməkdaşlarının üzərinə sürməsinə səbəb əsəbi olması idi. O, avtomaşını polis əməkdaşlarının üzərinə sürməsinə görə peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 izahatında göstərmişdir ki, 24 mart 2023-cü il tarixdə saat 19-radələrində polis əməkdaşı Ağalarla birlikdə xidməti vəzifələrini yerinə yetirən zaman, Şəmkir şəhəri, M.İbrahimov küçəsində “VAZ-2106” dövlət qeydiyyat nişanlı **-CF-*** nömrəli avtomaşın onların üzərinə gəlmişdir. Lakin onlar mülki geyimdə olmuşlar. Onlar həmin avtomaşını saxladaraq sürücü Şəxs etdiyi hərəkətə görə iradlarını bildirmişlər. Həmin vaxt Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozsa da, onların qanuni tələblərinə əməl edərək, heç bir tabesizlik göstərməmişdir. Daha sonra Şəxs Şəmkir RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPX bölüyü polis nəfəri X2 şahid X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 24 mart 2023-cü il tarixdə saat 19-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının izahatına və şahid ifadələrinə məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, hadisənin şahidləri olan polis əməkdaşları da öz izahatlarında Şəxs polisin qanuni tələblərinə tabe olduğunu bildirmişlər. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar