Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-387/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Gədəbəy rayonu, Sarıhasanlı kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, işləməyən, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokola görə, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-978/2017 saylı icra sənədi üzrə yaranmış 3.531 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəxs 3.500 manat pulun və 31 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcra sənədi onun icraatına daxil olduqdan sonra borcluya tələbin könüllü icrası barədə bildiriş, habelə xəbərdarlıq məktubu göndərməmişdir. Bununla belə borclunun Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmasini bildiyi üçün həmin kəndin İƏD üzrə nümayəndəsi ilə əlaqə saxlamışdır. Kənd nümayəndəsi Şəxs kənd ərazisində olmadığını bildirdikdən sonra borclunun barəsində axtarış elan etmişdir. Hazırda Şəxs borclu olduğu məbləği ödəməkdən yayınır və onun ödənilməmiş 3.531 manat borcu vardır. Bununla da Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan 3.500 manat pulun və 31 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. Lakin o, həmin məhkəmə proseslərində iştirak etməmiş, qətnamədən məlumatı olmamışdır. Eləcə də, icra məmuru onun ünvanına bildiriş göndərməmiş, onu icra orqanına dəvət etməmişdir. Belə ki, məlumatı olsa idi, imkan daxilində borcunu ödəyə bilərdi. Yalnız xx.xx.2023-cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və orada izahat vermişdir. Bundan başqa icra məmuru ona xəbərdarlıq etməmişdir. Hazırda barəsində tərtib edilmiş protokolu qəbul etmir. Belə ki, icra məmuru hərəkətsizlik göstərərək, ona məlumat verməmiş, bu səbəbdən o, ödəniş edə bilməmişdir. Hazırda tələbkarlara olan borcunu ödəməkdən yayınmır və borcu ödəməli olmasını bilir. Bu səbəbdən ən qısa zamanda borcunu ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsinə icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3.500 manat pulun və 31 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti olsa da, onun göndərilmə reyestri aşkar edilməmiş, həmin bildirişin borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Əksinə icra məmuru məhkəmə iclası zamanı borcluya tələbin könüllü icrası barədə bildiriş, habelə xəbərdarlıq məktubu göndərmədiyini qeyd etmişdir. Bundan başqa icra məmuru borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olub-olmaması və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi istiqamətində hər hansı hərəkətlər etməmiş, yəni icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmiş və birbaşa borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan borclu Şəxs barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı isə müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu gəlmədiyini bildirmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-387/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-387/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver