Məhkəmə qərarları › İş №3(076)-395/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-395/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-395/2025 29.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Katib: X3 İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi: Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM–nin 398–ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398– ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati materialdan və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs Şəmkir rayon sakini X4 Şəmkir rayonu ərazisində xx.xx.2022-ci il tarixdə aylıq 15 faiz, yəni aylıq 300 manat ödəmək şərtilə 2000 manat verib əvəzində 2300 manat almaqla 300 manat, X5 2023-cü ilin may-avqust aylarında 35 faiz, yəni aylıq 470 manat ödəmək şərtilə hissə-hissə cəmi 1400 manat pul verib 5640 manat almaqla 4240 manat, cəmi 4540 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclası izahatı alınmış barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, tanışı X4 2022-ci ilin may ayında və 2023-cü ilin may-avqust aylarında 8 aylıq müddətə qaytarılması şərti ilə borc pul vermişdir.Lakin borclu borcunu ödəməmiş və o, məcbur olub 2024-cü ilin fevral ayında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi bildirmişdir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir Azərbaycan Respublikası İXM–nin 38.1–ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri–hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri–hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM–nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, baş vermiş inzibati xəta hadisəsi uzanan inzibati xəta kimi qiymətləndirilmiş və faktın 14 yanvar 2025-ci il tarixdə aşkar olunması qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməli uzanan inzibati xəta kimi dəyərləndirilmir, belə ki, əmələ hər hansı bir kənar müdaxilə nəticəsində son verilməmiş, şəxs özü hərəkətlərini dayandırmış və məhkəməyə mülki iddia ilə müraciət etmiş, məhkəmə qətnaməsi ilə tərəflər arasında şifahi borc müqavilə bağlanması, lakin müqavilə qanunvericiliyin tələblərinə əməl etmədən bağlandığı üçün etibarsız hesab edilməsi, Şəxs tərəfindən verilmiş borc pulun ona geri qaytarılması qət edilmişdir. Həmçinin inzibati əməlin 14 yanvar 2025-ci il tarixdə aşkar olunmasına dair gəlinən nəticəyə münasibətdə məhkəmə qeyd edir ki, barəsində protokol tərtib edilmiş şəxsin həmin əməli hər hansı bir yoxlama və ya təftiş nəticəsində aşkar edilməmişdir ki, aşkar edilmə tarixinində müəyyən edilməsinə ehtiyac qalsın. Şəxsin əməli hər hansı bir kənar müdaxilə nəticəsi dayandırılmamış, şəxs özü məhkəməyə mülki qaydada borcunun ödənilməsi ilə bağlı müraciət edərək bildirmişdir ki, cavabdehə kreditə pul vermişdir. İş materiallarından görünür ki, Şəxs bunun üçün xususi razılığı (lisenziyası) olmadığı halda 2022-ci ilin may ayında və 2023-cü ilin may-avqust ayları tarixlərində X4 və X5 müvafiq olaraq 2000 manat və 1400 manat məbləğlərdə pul vəsaitini kreditə verməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İXM-nin 38.1-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı nəzərdə tututan inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 1 ildir. Başqa sözlə, Şəxs Zöhrabəli qızı inzibati xətanı 2022-ci ilin may və 2023-cü ilin may avqust tarixlərində törədiyindən, həmin vaxtdan etibarən 1 il müddətində inzibati məuliyyətə cəlb olunmadığından 2024-cü ilin avqust ayında onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən, yəni 2023-cü il tarixdən hazırki vaxta qədər bir ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM–nin 53.1.6–cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38–ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM–nin 398–ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar