Məhkəmə qərarları › İş №3(076)-404/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-404/2023

01.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-404/2023 01.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati material baxılması üçün 01 aprel 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiallara əlavə edilmiş 31 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Toyota” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir rayonu Düyərli kəndindən Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən YPX-nin əməkdaşları onu saxlatmışlar. O, avtomaşını saxlamış, bu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməsini soruşmadan bir başa avtomaşının sənədləri istəmiş, o isə yalnız sürücülük vəsiqəsinin üzərində olduğunu, avtomaşının isə onun adına olmadığını bildirmişdir. Polis əməkdaşı ondan avtomaşının açarlarını istəmiş, o ilk öncə avtomaşının açarını verməmiş, sahibinin gəlməsi ilə bağlı 5 dəqiqə vaxt istəmişdir. Çünki avtomaşında qızıl əşyaları olmuş, həmin əşyalarla bağlı avtomaşının sahibinin gəlməsi üçün qəti olaraq 5 dəqiqə vaxt istəmişdir. Daha sonra açarı polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu şöbəyə gətirmişlər və avtomaşını cərimə meydançasına yerləşdirmişlər. O, polis əməkdaşlarının tələbinə tabe olmuş, heç bir tabesizlik göstərməmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nə bilavasitə tabe olan YPX Alayı yol-patrul xidməti baş inspektoru X1 izahatında göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə yol-patrul xidməti baş inspektoru Ağa Məmmədovla birlikdə xidməti vəzifələrini yerinə yetirərkən Bakı-Qazax yolunun 401-ci km-də “Toyota” markalı **-BT- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhlükəsizlik kəmərini bağlamadığı üçün tərəfimizdən saxlanıldı. Sürücü avtomaşını saxladıqdan sonra araşdırma zamanı idarə etdiyi avtomaşının ona məxsus olmadığı məlum olmuşdur. Buna görə sürücü Şəxs avtomaşının açarlarını təqdim etməsini tələb etmişlər, lakin sürücü avtomaşının sahibinin gəlməsini bildirərək açarı təqdim etməmişdir. Onlar bir neçə dəfə açarları təqdim etməsini tələb etdikdən sonra, Şəxs açarı təqdim etmiş, bundan sonra onlar sonuncunu şöbəyə gətirmiş, avtomaşını isə cərimə meydançasına yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nə bilavasitə tabe olan YPX Alayı yol-patrul xidməti baş inspektoru X2 şahid X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 31 mart 2023-cü il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının izahatına və şahid ifadələrinə məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmə iclasında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 (iki) saata görə (2 saat X 6 manat) 12 manat ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında iştirak etdiyi saatlara, ümumilikdə 2 (iki) saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 12 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod: 805670; VÖEN: **********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar