Məhkəmə qərarları › İş №3(076)-5/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-5/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-5/2025 08.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X2 iştirakı ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib olunmuş, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan xx.xx.2024-cü il tarixli, 00800-01080/24 saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Tərtib edilmiş inzibati xəta haqqında protokola görə, hüquqi şəxs "xxxx" ASC ilə "HELWAN İRON FOUNDRİES (HİF) HELWAN" şirkəti arasında bağlanan xx.xx.2023-cü il tarixli PL-20/44 saylı müqaviləyə əsasən, ümumi gömrük dəyəri 2754,88 manat (ümumi invoys dəyəri 1620.52 ABŞ dolları) olan 263.5 kq "Qara metallardan digər tökmə məmulatlar" adlı yük xx.xx.2024-cü il tarixli **********6406 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. "xxxx" ASC tərəfindən isə ixrac edilən 1620.52 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bu hərəkətləri ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 483–cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. "xxxx" ASC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, "xxxx" ASC DMT Foundry GMBH şirkəti ilə BG23-0253/DMT saylı müqaviləyə əsasən 3 partiya ilə, 52 800 ABŞ dolları məbləğində malların satılmasına və xarici ölkəyə göndərilməsinə dair razılıq əldə etmişlər. Malları müxtəlif vaxtlarda göndərilmişlər, 19 mart 2024-cü il tarixdə **********6406 saylı bəyannamə üzrə malların bir qismi, yəni 1620 ABŞ dolları invoys dəyərində mallar Misir Ərəb Respublikasına ixrac edilmiş, yəmin invoys üzrə 599 ABŞ dolları məbləğində malların ödənilməmiş dəyəri qalmışdır. Bu barədə konsiqnasiya hesabatını təqdim etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları "xxxx" ASC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli “X1 Sistemi informasiya resursu”na baxış protokolundan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, **********06 nömrəli gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilmədiyi müəyyən edilmişdir. İşdə olan bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, "xxxx" ASC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsini tələb etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, **********06 nömrəli gömrük bəyannaməsindən və əlavə edilmiş sənədlərdən görünür ki, ümumi gömrük dəyəri 2754,88 manat (ümumi invoys dəyəri 1620.52 ABŞ dolları) olan 263.5 kq "Qara metallardan digər tökmə məmulatlar" adlı yük ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli PL-20/44 saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə "HELWAN İRON FOUNDRİES (HİF) HELWAN" şirkəti arasında ekspeditor xidmətləri haqqında müvafiq şərtlərlə razılaşma əldə edilmişdir. Həmçinin inzibati protokol tərtib edilərkən, ixrac edilmiş 1620 ABŞ dolları olan mallara dair vəsaitin müvəkkil banka ödənilmədiyi göstərilsə də,gömrük orqanı tərəfindən iş materiallarına əlavə edilən konsiqnasiya əməliyyatı üzrə hesabatdan görünür ki, qalıq məbləğ 599, 86 ABŞ dolları məbləğindədir. Həmçinin iş materiallarında olan xx.xx.2024-dən, xx.xx.2024-dək olan dövrü əhatə edən Konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, "xxxx" ASC tərəfindən müvəkkil banka ödənilməli olan 599.86 ABŞ dollarında qalıq vəsait qalmışdır. Odur ki, inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri 599.86 ABŞ dolları kimi müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Həmin qurum həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, "xxxx" ASC **********6406 saylı bəyannamə üzrə konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 599, 86 ABŞ dolları (1 019,85 manat) məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarınıntənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin qaydaların 12.5-ci bəndinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" ASC -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC -nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 483–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 599.86 (beş yüz doxsan doqquz dollar, 86 sent) ABŞ dollarının 30 % miqdarında, yəni 179.95 (yüz yetmiş doqquz dollar, doxsan beş sent) ABŞ dolları miqdarında (ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə) inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar