Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-503/2024 14.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayonu, 1 saylı notariat ofisinin notariusu vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonu, 1 saylı notariat ofisində, alqı-satqı müqaviləsini rəsmişləşdirən zaman, əmlakın qiymətini real dəyərindən aşağı (5000 manat) göstərməklə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyin tələblərini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs, məhkəmə iclası zamanı izahatında göstərdi ki, 2004-cü il tarixdən notariat fəaliyyəti ilə məşğuldur, Şəmkir rayonu, 1 saylı notariat ofisinin notariusudur, 12 yanvar 2024-cü il tarixdə təxminən saat 16:45 radələrində, notariat ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilən zaman, təqdim edilmiş sənədlərlə tanış olmuşdur və ilk öncə bölgü sxemində imzaların həqiqiliyinin təsdiqi, sonra isə torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiqi üçün işlərin görülməsi barədə göstəriş vermişdir. Bu zaman notariat ofisində onun iş otağında digər şəxs olmasına baxmayaraq vətəndaş Nicad Məhərrəmov qapını açıb israrla tələsdiyini və qəbul olunmasını tələb etmiş, Şəxs isə vətəndaşa səbrlə gözləməli olmasını və növbəsi çatdıqda qəbulu həyata keçirəcəyini bildirmişdir. Nicad Məhərrəmov gözləmə yerində səs-küylə danışmış, aqresivlik nümayiş etdirmişdir. Bundan başqa Nicad Məhərrəmov onun iş otağında olarkən uca səslə mobil telefonu ilə danışaraq hörmətsizlik etmiş, ona nə üçün belə hərəkət etdiyini soruşduqda çox kobud şəkildə işlərim var, yaxşı edirəm demişdir. O, Nicad Məhərrəmova iş otağını tərk etməyi tələb etmiş, bu zaman Nicad Məhərrəmov onun üstünə gəlməyə cəhd etmiş, lakin dəhlizdə Nicad Məhərrəmovun yanında olan şəxslər onu sakitləşdirmiş və Nicad Məhərrəmov həmin şəxslərlə birlikdə iş otağının önünü tərk etmişlər. Daha sonra, qeyd etdiyi alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən narazı olan vətəndaş, X1, qərəzli şəkildə onun barəsində, guya ki, notariat hərkətlərini qanunvericiliyin tələblərini pozmaqla aparmasına dair aidiyyəti orqanlara həqiqətə uyğun olmayan şikayətlər etmişdir. Nəticədə Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin, Ədliyyə sahəsində Xidmətlər baş İdarəsinin, Notariat İdarəsi tərəfindən, onun barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə, 09 aprel 2024-cü il tarixli protokol tərtib edilmişdir. Bildirir ki, notariat ofisinin əməkdaşları tərəfindən ödənilən haqq və daşınmaz əmlakın dövlət reyestrini aparan orqandan onlara əldə olunan daşınmaz əmlakın təsvirinin dövlət qeydiyyatına alınmış hüquqlara və real vaxt rejimində əldə olunan onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınmasına dair ödəniş düzgün və dəqiq hesablanmış və notariat ofisində quraşdırılmış terminala ödənilmişdir. Rəsmiləşdirilən əməliyyatda əmlakın satış qiymətinin 20000 (iyirmi min) manatdan artıq göstərilməsi səbəbindən müştəri profilinin yaradılmasına tərəflər narazılıqlarını ifadə etmiş, sonra isə əmlakın dəyərinin 5000 (beş min) manat göstərilməsi barədə razılığa gəlmişlər. Bu barədə ona məlumat verildikdə, qeyd etdiyi səbəblərdən məsələyə etiraz etməmişdir və işi icra etmişdir. Bununla əlaqədar onun hər-hansı bir məqsədi olmamışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokola səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, daşınmaz əmlakın alqı-satqı qiyməti 5000 (beş min) manat qeyd edilməklə, həmin müqavilə, xüsusi notarius Şəxs tərəfindən təsdiq edilərək Şəmkir rayonu, 1 saylı notariat ofisində rəsmiləşdirilmişdir. İş materiallarında olan, vətəndaş X2 tərəfindən müxtəlif instansiyalara ünvanlanmış şikayət ərizəsindən görünür ki, Nicad Məhərrəmov xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, 1 saylı notariat ofisində torpaq alqı-satqısı zamanı Şəxs ondan 161 manat əvəzinə 300 manat almasını, onun Nicad Məhərrəmovu təhqir etməsini, torpağı 22000 manat almasına baxmayaraq alqı-satqı qiymətinin 5000 manat göstərilməsini bildirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin, Ədliyyə sahəsində Xidmətlər baş İdarəsinin, Notariat İdarəsi tərəfindən, Şəmkir Rayon Məhkəməsinə ünvanlamış xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-91/24 saylı məktubdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinə əsasən tərtib edilmiş, 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol baxılması üçün, toplanmış materiallarla birlikdə aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs izahatını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə qənaətə gəlir ki, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyinin qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən pozulmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin müəyyən edilir ki, Şəxs, Şəmkir rayonu, 1 saylı notariat ofisinin xüsusi notariusudur və onun bu fəaliyyəti nəticəsində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-503/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-503/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver